Traktor komandasının tərəfdarları şənbə günü paytaxt Tehranın böyük stadionu və Tehran metrosunda "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" şüarını səsləndiriblər.
Sosial şəbəkələr və bəzi saytlarda yayılan xəbər və görüntülərə əsasən, Təbrizin Azərbaycan Traktor komandası ilə Tehranın Esteqlal komandaları arasında keçirilən matç zamanı çox sayda azarkeş milli şüarlar səsləndirib.
Qaşqay türkləri haqqında məlumat yayan Baydaq saytının yaydığı videolarda "Türk dilində mədrəsə" şüarından əlavə "Nə mutlu türkəm deyənə" və "Azərbaycan var olsun!" kimi şüarlar səsləndirən çox sayda azarkeş görünür.
Traktor və Esteqlal komandaları noyabrın 11-də İran pro-liqa oyunlarının 10-cu həftəsində Tehranın Azadi stadionunda qarşı-qarşıya gəliblər. Oyunda Traktor komandası 2-0 hesabı ilə məğlub olub. Azarkeşlər oyundan sonra da stadionu tərk etdikləri zaman şüar səsləndirməyə davam ediblər.
Şənbə günü sadəcə İran Azərbaycanından deyil, türklərin yaşadığı digər bölgələr, habelə türkmən icmasının yaşadığı Türkmənsəhradan da bir çox tərəfdar Taktor komandasına dəstək üçün Tehrana gəlib.
Tehranda nəşr edilən Khabar Varzeshi (İdman Xəbəri) qəzetinin saytında yayılan bir videoda Türkmənsəhradan gələn bir gənc deyir ki, "mən Türkmənsəhradan Günbəd Kavus şəhərindən gəlmişəm. Əlbəttə ki, Traktor tərəfdarıyam. Sel və təbii fəlakətlər olduğunda türklər həmişə arxamızda olub. Dövlət qurumlarından sonra, hətta onlardan daha da çox Azərbaycandan bizə yardıma gəliblər. Bir türkmən olaraq, bu, mənim vəzifəmdir. Bizdə voleybol var, ancaq futbol komandamız yoxdur. Bir komandanın tərəfdar olsam, bu Traktordan başqası ola bilməz."
İranda 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktor futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.
Forum