İran Futbol Liqası Təşkilatı Traktor Klubu və Şərqi Azərbaycan Futbol Şurasına ünvanladığı məktubda qadınların Səhənd stadionuna girişinə qadağa qoyulduğunu elan edib.
Bu barədə İran mediası məlumat yayaraq, növbəti xəbərdarlığa qədər Təbrizdə qadınların stadionda futbol matçı izləməsinə qadağa qoyulduğunu bildirib. Məktubun surəti İran mediasında yayılıb.
Ölkənin Futbol Liqası qurumunun katibi Məhəmmədrza Keşvərifərdin Traktor Klubu və vilayətin futbol şurası rəsmilərinə yazdığı bu məktubda aprelin 17-də keçirilən iclasdan sonra bu qərarın alındığı qeyd olunub.
Məktubda qərarın qəbul edilməsinin səbəbi “stadionda təhlükəsizliyin, infrastruktur və rifah obyektlərinin olmaması” olaraq qeyd olunub.
Beləliklə, qadınların Təbrizdə stadiona girişi üçün şəraitin olmadığı və lazımi tədbirlər görülənə qədər qadınların stadiona girişinin qarşısı alınacağı bildirilir.
Gələn həftə mayın 1-də Təbrizdə Traktor Tehranın İstiqlal komandası ilə qarşılaşacaq, bu oyun isə həmişə Traktor komandası azarkeşlərinin coşğulu qarşılanması ilə keçirilib.
Sosial şəbəkə istifadəçiləri Futbol Liqası Təşkilatının bu hərəkətini tənqid ediblər. Onlar İsfahan, Məşhəd və Tehran kimi şəhərlərdə aylar öncədən qadınların stadiona girişinə icazə verildiyini, yalnız Təbriz şəhərində qadınların stadiona buraxılmamasını da tənqid ediblər.
Aprelin 12-də Traktor komandasının minlərlə qadın azarkeşi Səhənd stadionuna buraxıldı. İranın bir çox şəhərlərində qadınların stadiona daxil olmasına icazə verilsə də, uzun müddət İran Azərbaycanında qadınlara bu imkan verilmirdi. Vilayət rəsmiləri stadionda infrastrukturun olmamasını iddia edərək,qadınların stadiona buraxılmasına icazə vermirdilər. Komandanın Təbrizdəki əvvəlki oyununda qadınların stadiona daxil olması futbola maraq göstərən qadınlarda ümidi artırsa da, göründüyü kimi bu sevinc hissi uzun sürməyib.
Forum