Birləşmiş Ştatlar ATƏT-in müşahidə missiyasının Azərbaycanda 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı narahatlıqlarını bölüşdüyünü bildirib.
“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun monitorinq missiyasının Azərbaycanda 1 sentyabr parlament seçkiləri ilə bağlı müşahidə və narahatlıqlarını bölüşürük”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü baş tutan mətbuat konfransında Turan agentliyinin sualına cavab olaraq qeyd edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə müşahidə missiyası növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini vurğulayıb.
ATƏT müşahidəçilərinin sentyabrın 2-də yaydığı ilkin bəyanatda seçkilərin hüquqi bazasının demokratik seçkilər üçün əlverişli olmadığı, beynəlxalq standartlara və ATƏT qarşısında götürülən öhdəliklərə zidd olaraq ifadə, birləşmə və toplaşma kimi fundamental azadlıqlara əsassız məhdudiyyətlərin hələ də qalmaqda olduğu, ATƏT DTİHB və Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilmədiyi qeyd edilir.
“Biz Azərbaycanı ATƏT-in əvvəlki, eləcə də qarşıdan gələn tövsiyələrini yerinə yetirməyə, Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq öz xalqının fundamental azadlıqlardan istifadə etməsinə şərait yaratmağa çağırırıq”, Metyu Miller deyib.
Daha əvvəl Avropa İttifaqı (Aİ) da Azərbaycanda son parlament seçkilərinin rəqabətdən məhrum və məhdudlaşdırıcı şəraitdə baş tutduğunu qeyd edərək Azərbaycan hakimiyyətini ATƏT DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırıb.
Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano səslərin hesablanmasında ciddi pozuntulara yol verilməsi, mühüm təhlükəsizlik tədbirlərinin görülməməsi, seçkilərin müxalif səslərə qarşı davamlı repressiya fonunda keçməsi ilə bağlı beynəlxalq müşahidəçilərin narahatlıqlarını bölüşüb.
Rəsmi Bakı isə tənqidləri qərəzli hesab edir və seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirir.
“ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı əvvəlcədən müəyyən edilmiş mənfi münasibətini təkrarlayan Aİ sözçüsü tərəfindən bu cür subyektiv iddia və qərəzli siyasi mülahizə etibarsızdır. Seçkilər ölkə Konstitusiyasına və onun milli qanunlarına tam uyğun olaraq keçirilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Aİ nümayəndəsinin bəyanatına cavab olaraq deyib.
Cəmi 37 faizlə son 30 ilin ən aşağı seçici fəallığı qeydə alınan növbədənkənar seçkilərin elan edilən ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerini hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərin qazandığı bildirilir.
İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd edirlər