Nəsimi Məmmədli: Yeni formalaşacaq parlamentin hökumətə təsir imkanları olmayacaq

Nəsimi Məmmədli, siyasi təhlilçi

Siyasi təhlilçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrindən, yeni formalaşacaq parlamentin tərkibindən danışıb.

Amerikanın Səsi: Növbəndənkənar parlament seçkilərinin ilkin nəticələri elan edilib. ATƏT-in müşahidə missiyası bildirib ki, ATƏT-in 1990-cı il Kopenhagen Sənədinə uyğun olaraq ümumilikdə bülletenlərin düzgün sayılıb-sayılmaması, protokolların düzgün doldurulub-doldurulmaması suallar doğurur. Sizcə ATƏT-in seçkilərin nəticələri ilə bağlı ilkin bəyanatı reallığı nə qədər əks etdirir?

Nəsimi Məmmədli: Əslində reallığa xeyli dərəcədə uyğundur. Çünki seçki prosesini qiymətləndirmək üçün ən azı beş mərhələni nəzərdən keçirmək lazımdır. Bunun birincisi seçki öncəsi vəziyyətdir. Ikincisi namizədlərin irəli sürülməsi, ardınca seçki kampaniyasının aparılmasıdır, təbliğat, təşviqat mərhələsidir. Nəhayət səsvermə günü və ondan sonra seçkinin qiymətləndirilməsi mərhələsidir. Bunların hər birinə baxaraq ümumi qiymət verilməlidir. Biz indi sonuncu mərhələni görməmişik. Amma səsvermə gününə qədər olan mərhələlər nəzərdən keçirilib. Hər bir mərhələnin özünəməxsus problemləri var. Həm seçki öncəsi mühit anti-demokratik qiymətləndirilib, siyasi prülalizmin, sərbəst toplaşma azadlığının olmadığı, müstəqil mediaya basqılar, eyni zamanda siyasi məhbusların olduğu kifayət qədər aydın göstərilib. Namizədlərin qeydə alınması mərhələsində kifayət qədər problemlər var, müstəqil və müxalif yönlü namizədlərin qeydiyyatı ilə bağlı problemlər yaranıb. Çoxsaylı münasibətlər də oldu. Eyni zamanda seçki günü də əvvəlki seçki pozuntularını bir daha özündə göstərdi. Seçkidə real iştirak sayı 6-7 faizdən yuxarı deyil. Bunlar onu göstərir ki, doğurdan da ATƏT-in verdiyi rəy reallığa xeyli dərəcədə yaxındır.

Your browser doesn’t support HTML5

Nəsimi Məmmədli: Yeni formalaşacaq parlamentin hökumətə təsir imkanları olmayacaq

Amerikanın Səsi: Sizcə yeni formalaşacaq parlamentin tərkibi əvvəlki parlamentin tərkibi ilə müqayisədə sayca nə qədər dəyişib? Yeni parlamentin hökumətin siyasətinə təsir imkanları ola biləcəkmi?

Nəsimi Məmmədli: Dəyişilmə belədir ki, 88 nəfər təxminən 74 faiz əvvəlki tərkibdən qalır, 29,6 faiz, yaxud 37 nəfər yeni tərkibdədir. Bu 37 nəfərin 7 nəfəri demək olar ki, əvvəllər də deputat olub. Otuz nəfər tamamilə yeni simalardır. Biz ümumi tərkibə baxıb, nəzərdən keçirəndə, eyni zamanda hökümətin siyasətinə nəzər salanda bu qənaət formalaşır ki, yenə də hökümətin siyasətinə bu parlamentin təsir etmək imkanları olmayacaq.

Amerikanın Səsi: Bundan öncəki parlamentdə deputatların hansısa qanunvericilik təşəbbüsü ilə çıxış etməsi barədə məlumatlar yoxdur. Yeni seçilmiş parlamentin qanun yaradılıcığında rolunu necə proqnozlaşdırırsınız?

Nəsimi Məmmədli: Əslində bayaq qeyd etdiyim kimi artıq 74 faiz təxminən əvvəlki tərkibdirsə, deməli bunların qanunvericilik istiqamətində addımları da təkrar olunacaq. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi odur ki, 30 nəfər yeni şəxsin, məsələn mən şəxsən təqribən 25 nəfərin adını hətta google axtarış sistemi üzərindən belə tapa bilmədim ki, bu adamlar nə işlə məşğul olub. Bunların ictimai-siyasi prosesdə rolu nədir? Niyə hakimiyyət bunların parlamentdə olmasını istəyib? Bununla bağlı suallar kifayət qədər açıqdır. Yəni bu adamların qanunvericilik təşəbbüsündə hansısa bir aktiv olacağını söyləmək olduqca çətindir. Başqa tərəfdən də Azərbaycanda parlamentə gələn qanunlar prezidetin administrasiyası tərəfindən təqdim edilir. Qanunvericilik təşəbbüsü ilə bir qayda olaraq ölkə prezidenti çıxış edir. Ona görə də, parlament üzvlərinin, mən düşünürəm ki, üzərində elə də ciddi məsuliyyət yoxdur.

Amerikanın Səsi: Sizcə yeni seçilmiş parlament legitimliyi beynəlxalq qurumlar, o cümlədən AŞPA, ATƏT PA, NATO PA tərəfindən qəbul ediləcəkmi?

Nəsimi Məmmədli: Bir qayda olaraq bu tip seçkilərdə beynəlxalq hüquq, qanunvericiliyin pozulması halları və s deyil, daha çox geosiyasi məsələlər öndə olur. Verilən qərarlar, münasibətlər daha çox bu prizmadan siyasi qiymətləndirmə ilə yanaşılır. Digər tərəfdən isə əslində həmin dövlətlər real hakimiyyətlərlə əməkdaşlıq edir. O baxımdan əlbəttə necə formalaşmasından aslı olmayaraq Azərbaycanda real bir hakimiyyət var. Həmin bu beynəlxalq qurumlar da mən düşünürəm ki, mövcud hakimiyyətlə əməkdaşlıq edəcək.

Amerikanın Səsi: Azərbaycanın xarici siyasətində parlament diplomatiyasının rolunu necə görürsünüz? Yeni formalaşacaq parlamentin bu sahədə daha çox hansı işləri görməsinə ehtiyac duyulur?

Nəsimi Məmmədli: Burada problem ondan ibarətdir ki, əslində demokratik qaydada seçilməyən parlamentarilər bir qayda olaraq xaricdə bu tip diplomatiyanı apara bilmir. Azərbaycanın çox acı bir təcrübəsi var, - “kürü diplomatiyası”. Yəni demokratik qaydada seçilməyən parlamentdən və deputatlardan xaricdə hansısa bir dövlət siyasəti ilə bağlı effektiv diplomatik fəaliyyət gözləməcəyi, mənə elə gəlir ki, əbəsdir.

Qeyd: Bu Nəsimi Məmmədlinin fikirləridir. İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia edir.

Öz növbəsində, ATƏT-in seçki müşahidə missiyası növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini bildirib.