Azərbaycanın sərbəst güləşçiləri Parisdə iki bürünc medal qazanıb

Maqomedxan Maqomedov və Murazi Mçelidze arasında bürünc medal uğrunda görüş

Azərbaycanın sərbəst güləşçiləri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıblar.

97 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Maqomedxan Maqomedov bu gün, Olimpiadanın son günündə ukraynalı rəqibi Murazi Mçelidzeyə qalib gələrək Azərbaycanın Parisdə yeddinci və son medalını qazanıb.

Dağıstan əsilli Maqomedov turnirin 1/8 finalında Dominikan Respublikasını təmsil edən Luis Perezə, 1/4 finalda polşalı Zbiqnev Baranovskiyə qalib gəlmiş, yarımfinalda gürcü idmançı Givi Maçaraşviliyə uduzmuşdu.

Maqomedxan Maqomedovla yanaşı ötən gün Azərbaycan yığmasının digər sərbəst güləşçisi Giorgi Meşvildişvili Parisdə bürünc medala sahib çıxıb.

125 kq çəki dərəcəsində mübarizə aparan Meşvildişvili şənbə günü baş tutan görüşdə polşalı rəqibi Robert Barana qalib gəlib.

Əslən Gürcüstandan olan Meşvildişvili turnirin 1/8 finalında misirli Diaaeldin Kamala, 1/4 finalda monqolustanlı Munxtur Lxaqvaqerelə qalib gəlsə də, yarımfinalda həmyerlisi Geno Petriaşviliyə məğlub olaraq finala çıxa bilməmişdi.

Azərbaycanın aktivində həmçinin yunan-Roma güləşi üzrə bir bürünc medal var. Avqustun 8-də 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova qalib gələrək Paris Olimpiadasının bürünc medalına sahib çıxıb.

Bu gün başa çatan Paris Yay Olimpiya Oyunlarını Azərbaycan yığması ümumilikdə 7 medalla başa vurub.

Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olaraq Azərbaycana qızıl, taekvondoçu Qaşım Maqomedov və boksçu Loren Alfonso Dominqes gümüş medal qazanıblar.