Azərbaycan boksçusu Loren Alfonso Dominqes Paris Yay Olimpiya Oyunlarını gümüş medalla tamamlayıb.
92 kq çəki dərəcəsində mübarizə aparan Alfonso Dominqes ötən gün baş tutan finalda özbəkistanlı Lazizbek Mullojonovla bacara bilməyib.
Bunadək Alfonson Dominqes turnirin 1/8 finalında kubalı Xulio Sesar La Krusa, 1/4 finalda qazaxıstanlı Aybek Oralbaya, yarımfinalda isə ispaniyalı Enmanuel Reyesə üstün gəlib.
Əslən kubalı olan, 2017-ci ildən Azərbaycanı təmsil edən idmançı iki Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı boksçu kimi tarixə keçib. Alfonso Dominqes 2021-ci ildə keçirilən Tokio Olimpiadasının bürünc medalını qazanmışdı.
Azərbaycan boksçuları heç vaxt Olimpiadada çempionluğa nail olmasalar da, 2000-ci il Sidney Olimpiadasından başlayaraq ardıcıl 7 Yay Olimpiya Oyunlarında medal qazanmağa müvəffəq olublar. Paris Olimpiadasının gümüş medalı da daxil olmaqla Azərbaycan boksçularının aktivində Olimpiya Oyularının ümumilikdə 2 gümüş və 8 bürünc medalı var.
Avqustun 11-də başa çatacaq Paris Yay Olimpiya Oyunlarında Azərbaycan millisi daha əvvəl 4 medal əldə edib.
Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olaraq Azərbaycana qızıl, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov isə bürünc medal qazandırıb.
Forum