Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Cüdoçu Zelim Kotsoyev 100 kiloqramadək çəki dərəcəsində bütün rəqiblərini üstələyərək Olimpiya çempionu olub. Kotsoyev avqustun 1-də baş tutan final görüşündə gürcüstanlı rəqibi İlya Sulamanidzeyə qalib gəlib.
Kotsoyev yarışmanın 1/8 final mərhələsində polşalı Pyotr Kuçera, 1/4 final mərhələsində israilli Peter Palçik, yarımfinal mərhələsində isə özbəkistanlı Muzaffarbek Turoboyevə üstün gəlib.
İdman blogeri Elmar Rza bildirir ki, 2023-cü ildə Fransanın Monpolye şəhərində Avropa çempionu, bu il Əbu-Dabidə Dünya çempionu tituluna sahib olan Kotsoyev Parisdəki qələbəsi ilə “qızıl het-trik” edən beşinci azərbaycanlı idmançı kimi tarixə düşüb.
Daha əvvəl stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov, taekvondoçu Radik İsayev və cüdoçu Hidayət Heydərov həm Olimpiya, həm Dünya, həm də Avropa çempionu olmağı bacarıb.
Cüdoçu Hidayət Heydərov iyulun 29-da Paris Olimpiadasında Azərbaycan millisinə ilk qızıl medal qazandırıb. 73 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov finalda fransalı Joan-Benjamin Qabanı məğlub edərək Olimpiya çempionu olub.
Paris Olimpiadasının medal sıralamasında hazırda iki qızıl medalla ilk 20-likdə yer alan Azərbaycanı ən azı daha bir medal gözləyir.
Boksçu Alfonso Dominqes (92 kq) ötən gün yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.
Forum