Cüdoçu Hidayət Heydərov iyulun 29-da Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb.
73 kiloqram çəki dərəcəsində yarışan Hidayət Heydərov finalda fransalı Joan-Benjamin Qabanı məğlub edərək Olimpiya çempionu olub.
Heydərov bunadək 1/8 finalda İsraildən olan Tohar Butbulla, 1/4 finalda kanadalı Artur Margelidona, yarımfinalda isə kosovolu Akil Qyakova qalib gəlib.
Dünya və dörd qat Avropa çempionu olan Heydərov 16 il sonra cüdo idman növündə Azərbaycana Olimpiya qızılı qazandıran idmançıdır.
Bundan əvvəl 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanmışdı.
İdman blogeri Elmar Rza qeyd edir ki, Hidayət Heydərov həm Olimpiya, həm Dünya, həm də Avropa çempionu olmaqla stend atıcısı Zemfira Meftahətdinova, sərbəst güləşçi Şərif Şərifov və taekvondoçu Radik İsayevdən sonra “qızıl üçlüyü” tamamlayan dördüncü idmançı kimi tarixə düşdü.
“Hidayət Heydərovun göstəricisini unikal edən cəhət isə sözügedən titulların hamısını bir il ərzində əldə etməsidir. O, apreldə Zaqrebdə dördüncü dəfə qitənin ən güclüsü oldu, daha sonra mayda Əbu-Dabidə dünya çempionu adına yiyələndi. İyulda isə Parisi fəth edərək həqiqətən "1 nömrə" olduğunu sübut elədi”, Elmar Rza qeyd edib.
Avqustun 11-ə kimi davam edəcək Yay Olimpiya Oyunlarında Azərbaycan millisi 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur.
Forum