Yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yazdırıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov ötən gün üçüncü yer uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılova qalib gələrək bürünc medala sahib çıxıb.
Həsrət Cəfərov turnirin 1/8 finalında Mohamed El-Sayedə, 1/4 finalda moldovalı Valentin Petiçə qalib gəlsə də, yarımfinalda əslən azərbaycanlı olan ukraynalı güləşçi Pərviz Nəsibova məğlub olub.
Azərbaycanı yunan-Roma güləşi üzrə təmsil edən digər dörd idmançı turniri mükafatsız başa vurduğundan, Cəfərovun bürünc medalı Azərbaycanın Parisdə bu idman növündə qazandığı yeganə mükafatdır.
2016-cı il Rio de Janeyro Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (130kq) və 76 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov Parisdə bürünc medal uğrunda mübarizədə məğlub olublar.
Digər yunan-Roma güləşçiləri - Tokio Olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov (87kq) və 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov isə ilk görüşdə məğlub olaraq turniri daha erkən başa vurublar.
İdman blogeri Elmar Rzalı qeyd edir ki, Həsrət Cəfərovun bürünc medala sahib çıxması nəticəsində Azərbaycanın yunan-Roma güləşçilərinin Afina-2004-dən başlayan medal qazanma ənənəsi pozulmadı.
Azərbaycan indiyədək Olimpiya Oyunlarında güləşin bu növü üzrə biri qızıl olmaqla, 8 medal qazanıb.
Avqustun 11-də başa çatacaq Paris Yay Olimpiya Oyunlarında Azərbaycan millisi daha əvvəl 3 medal qazanıb. Cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olaraq Azərbaycana qızıl, taekvondoçu Qaşım Maqomedov isə gümüş medal qazandırıblar.
Bununla yanaşı, boksçu Alfonso Dominqes finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Forum