3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan keçmiş diplomat Emin İbrahimov həbsinə etiraz olaraq 3 gündür aclıq edir və aclığı sonadək davam etdirmək fikrindədir. Artıq onun sifəti solğunlaşıb, səhhəti pisləşib, baş ağrıları başlayıb.
Bu barədə vəkil Aqil Layıc İbrahimovla iyulun 26-da görüşündən sonra Amerikanın Səsinə deyib.
Vəkil bildirib ki, İbrahimov karantində saxlanılır.
“Aclıq edən şəxsi karantində saxlamazlar. Karantində olduğu üçün ona hər hansı tibbi yardım göstərilmir. Amma o, aclıq etdiyi üçün xüsusi palataya köçürülməlidir. O dedi ki, karantində saxlanma şəraiti yaxşı deyil. 4-5 nəfər üçün nəzərdə tutulan kameraya 10 nəfər yerləşdiriblər, yatmağa belə şərait yoxdur”, o qeyd edib.
Layıc İbrahimov barədə məhkəmənin həbs qətimkan tədbiri seçməsindən apellyasiya şikayəti verdiyini bildirib.
İyulun 24-də saxlanılan keçmiş diplomat Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
"Emin hadisəni belə təsvir edir: "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında mənzilinin təmiri ilə bağlı evinə gedərkən tanımadığı adam ona hücum çəkib və paltarını cırmağa başlayıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Emin həmin şəxsi ümumiyyətlə görmədiyini, tanımadığını bildirdi. Həmin şəxsi mənim saxlandığım yerə təcili tibbi yardım avtomobilində gətirmişdilər. Özü qeyd etdi ki, onu izləyiblər və bu qeyd olunan "cinayət" qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır", vəkil qeyd edib.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbrahimov məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.
Keçmiş diplomatın polis bölməsində elektroşokla işgəncəyə məruz qaldığı bildirilib. Lakin Daxili İşlərlər Nazirliyindən bu iddia ilə bağlı mövqe almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb.
"Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib", mətbuat xidmətindən deyiblər.
Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.
Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib.
"Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə - rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil", o qeyd edib.
Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.