İyulun 24-də saxlanılan Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimova ittiham irəli sürülüb.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələrində ittiham olunur. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı birinə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
"Emin hadisəni belə təsvir edir: "Xalqlar dostluğu" metro stansiyasının yaxınlığında mənzilinin təmiri ilə bağlı evinə gedərkən tanımadığı adam ona hücum çəkib və paltarını cırmağa başlayıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparılıb. Özü qeyd edir ki, onu izləyiblər və bu qeyd olunan "cinayət" qondarmadır, onun tənqidi mövqeyi ilə bağlıdır", deyə vəkil qeyd edib.
Vəkilin məlumatına görə, Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. İbrahimov həbsinə etiraz olaraq bu gündən aclıq aksiyasına başladığını bəyan edib.
Keçmiş diplomat polis bölməsində elektroşokla işgəncəyə məruz qaldığı bildirilib. Lakin Daxili İşlərlər Nazirliyindən bu iddia ilə bağlı mövqe almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev iddia edir ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirdiyinə görə saxlanılıb:
"Belə bir hadisə baş verib. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib".
Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.
Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib.
"Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə - rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil", o deyib.
Aidiyyəti qurumlar iddialarla bağlı açıqlama verməyib.
Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.
2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub.
2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Azərbaycanda son illərdə bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildirirlər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.
Forum