Accessibility links

Keçmiş Azərbaycan diplomatının saxlanıldığı bildirilir


Emin Şaiq İbrahimov, keçmiş diplomat
Emin Şaiq İbrahimov, keçmiş diplomat

İyulun 22-də Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimovun saxlanıldığı bildirilir. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

"Emin İbrahimov Nizami Polis İdarəsi tərəfindən saxlanılıb. Guya adam bıçaqlayıb. Bu da yeni tendensiyadır. Vəkili kimi ora gedirəm" - deyə, vəkil bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev İbrahimovun saxlanıldığını təsdiq edib.

"Belə bir hadisə baş verib. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib, araşdırma aparılır".

Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.

Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib:

"Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə - rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil".

Aidiyyəti qurumlar iddialarla bağlı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG