Accessibility links

Emin İbrahimova polis bölməsində elektroşokla işgəncə verildiyi iddia olunur


Emin Şaiq İbrahimov, keçmiş diplomat
Emin Şaiq İbrahimov, keçmiş diplomat

İyulun 22-də axşam saatlarında saxlanılan Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimovun polis bölməsində elektroşokla işgəncəyə məruz qaldığı bildirilir. Onun vəkili Aqil Layıcın məlumatına görə, "Xalqlar Dostluğu" metrosunun yaxınlığında naməlum şəxs İbrahimova hücum edib, bundan sonra keçmiş diplomat əraziyə yaxınlaşan mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Vəkil bildirib ki, Emin İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə şübhəli bilinir. Məlumata görə, mülki geyimli şəxslər İbrahimovu saxlayaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıblar, orada ona qarşı elektroşokdan istifadə olunub ki, o, telefonunun şifrəsini desin.

"Özü belə hadisənin olmadığını və günahsız olduğunu dedi", vəkil qeyd edib.

Daxili İşlər Nazirliyindən (DİN) iddialarla mövqe almaq mümkün olmayıb. DİN-nin Mətbuat xidmətinin müvəqqəti rəisi Elşad Hacıyev İbrahimovun saxlanıldığını təsdiq edib.

"Belə bir hadisə baş verib. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib, araşdırma aparılır".

Ötən il sentyabrın 20-də İbrahimova 30 sutka inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.

Həmin dövrdə Emin İbrahimov Amerikanın Səsinə bildirib ki, saxlanılma zamanı zorakılıqla üzləşib.

"Evə icazəsiz mülki geyimli şəxslər basqın elədilər, mənə heç ayaqqabı belə geyinməyə imkan vermədilər. Məni yazdığım tənqidi fikirlərə görə həbs etdilər. Ölkədəki hazırkı eyforiya dumanı hüquqları daha da məhdudlaşdırmaq, avtoritarizmi gücləndirmək üçün istifadə olunur. Həm daxili, həm də xarici siyasət əl-ələ verərək ilk növbədə ən ali məqsədə - rejimin saxlanması məqsədinə xidmət edir. Bunların strateji kursu ölkəni daha da qaranlığa aparır. Hər keçən il hüquqlarımızın daha da məhdudlaşdırılması mənim uydurmam deyil, faktdır. İrticadan başqa bir şey gözləmək mümkün də deyil", o deyib.

Aidiyyəti qurumlar iddialarla bağlı açıqlama verməyib.

Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib.

2007 - 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub.

2012 - 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016 - 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Forum

XS
SM
MD
LG