İqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə 125 seçki dairəsinin hamısndan öz namizədini elan edib.
Bu barədə qərar YAP İdarə Heyətinin iyulun 17-də keçirlən iclasında qəbul edilib.
YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq.
Partiyanın siyahısında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun, Milli Elmlər Akademiyasının prezidneti İsa Həbibbəylinin, Aqiyə Naxçıvanlının, Sədaqət Vəliyevanın adları yoxdur. Bununla yanaşı, yeni siyahıda Baş nazirin müavini Əli Əhmədovun, Din Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Mübariz Qurbanlının, Din Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Səyyad Aranın, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadənin adları var.
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 22 siyasi partiya öz namizədləri ilə iştirak edəcəyini bəyan edib.
Bu arada müxalifətdə olan Müsavat Partiyası 34 seçki dairəsindən, REAL Partiyası isə 13 seçki dairəsindən namizədlərinin adını açıqlayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot qərarı qəbul edib.
Milli Məclisə ölkə üzrə 125 seçki dairəsindən deputatlar seçilir. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.