Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 15-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.
Xatırladaq ki, ölkə üzrə Milli Məclisə seçkilər üzrə 125 seçki dairəsi var. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.
Respublikaçı Alternativ (REAL) Pariyasının sədri İlqar Məmmədov bildirib ki, bu seçkiyə maraq 2020-ci il seçkisinə olan maraqdan 3 dəfə azdır.
“O seçki elan olunandan sonrakı 19 gün ərzində 1320 namizəd irəli sürülmüşdüsə, indiki seçki elan olunandan 17 gün sonra cəmi 401 namizəd ortaya çıxıb. Bundan başqa, həmin vaxt bütün dairələr əhatə olunmuşdu, indi isə təxminən 20 dairə boşdur, yəni hələ 1 namizəd də irəli sürülməyib. Dörd gün əvvəl haqqında yazdığım “institusional çatışmazlıq”ın və ya böhranın bu hələ yüngül mərhələsidir. Ağır mərhələsi institutlara kəskin siyasi-ictimai ehtiyac yarananda, amma onlar və onlara bağlı kütləvi vərdişlər faktiki olmayanda hiss ediləcək”, o qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkiləri boykot edən yeganə partiyadır. Bu partiyanın bəyanatında deyilir ki, AXCP xalqın bu seçkiyə etinasız münasibətini anlayır və təqdir edir.
“AXCP beynəlxalq birlikdən nəticələri əvvəldən müəyyən edilmiş bu saxta seçkiyə prinsipial münasibət göstərməyi, onun müşahidəsindən imtina etməyi gözləyir”, sənəddə qeyd edilir.
Xatırladaq ki, parlament seçkilərində iyirmidən çox siyasi partiya öz namizədləri ilə iştirak edəcəyini bəyan edib. Bu arada Müsavat Partiyası 34 seçki dairəsindən, REAL Partiyası isə 13 seçki dairəsindən namizədlərinin adını açıqlayıb.