İyulun 13-2 və 14-ü tarixlərində Tehran İnqilab Məhkəməsinin 15 saylı şöbəsində hakim Əbülqasım Salavatinin sədrliyi ilə dörd azərbaycanlı milli fəalın məhkəməsi keçirilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, iyulun 13-də Evin həbsxanasında saxlanılan Əbdüləziz Əzimi Qədim və Tahir Nəqəvi adlı iki fəalın məhkəmə iclası keçirilib. Bu gün isə məhkəmənin həmin şöbəsində milli fəallar Salar Tahir Əfşar və Vədud Əsədinin məhkəmə iclası keçirilib.
Əldə edilən məlumata görə, hazırda Evin həbsxanasında saxlanılan Əzimi Qədim və Tahir Nəqəvi məhkəmə iclasında “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq” ittihamlarına qarşı özlərini müdafiə ediblər.
Məhkəmə iclasında Əbdüləziz Əzimi Qədim Kəşfiyyat Nazirliyinin onun fəaliyyətləri ilə bağlı yazdığı hesabata etirazını bildirib və onu əsassız və ittiham aktı xarakteri daşımayan qərəzli bir hesabat adlandırıb.
Əbdüləziz Əzimi onun iyirmi ildən artıqdır fəaliyyətini əhatə edən bu hesabatda yer alan ittihamlara görə dəfələrlə mühakimə olunduğunu və sonuncu işdə bəraət aldığını bildirərək, bir şəxsin eyni fəaliyyət və ittiham üzrə iki dəfə mühakimə edilməsinin qanunsuz olduğunu bəyan edib.
Milli fəal və hüquqşünas Tahir Nəqəvi yuxarıda qeyd olunan ittihamlarla yanaşı, həbsxana gözətçisi tərəfindən təhqir və döyülməsinə müqavimət göstərdiyi üçün, “ictimai asayişi pozmaq və vəzifə başında olan məmurlara qarşı üsyan” kimi yeni ittihamla qarşılaşıb. Evin həbsxanasının rəisi Hidayət Fərzadi ilə qohumluq əlaqəsi olan gözətçinin Rza Əsədi Nadirabadi olduğu bildirilir.
SEE ALSO: Milli fəal Tahir Nəqəvi infarkt riskinə görə aclıq aksiyasını müvəqqəti dayandırıbHəmçinin bu gün bu məhkəmədə Vədud Əsədi və Salar Tahir Əfşar adlı daha iki milli fəalın məhkəmə iclası keçirilib. Fevralın ilk həftəsində həbs edilən və təxminən bir ay dindirildikdən sonra zaminə buraxılan bu iki azərbaycanlı fəal “xarici və daxili təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə mühakimə olunub. Yayımlanan məlumata görə, Bu məhkəmə iclası bu iki azərbaycanlı fəalın məhkəmə prosesinin sonuncu iclası olub.