İyulun 11-də Bakı Apellyasiya Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və hakim Emin Əliyevin sədrliyi ilə araşdırmaçı jurnalist Hafiz Babalının Xətai rayon Məhkəməsinin qərarlarından verdikləri şikayətləri təmin etməyib. Məhkəmə hər iki jurnalisti həbsdə saxlayıb.
Bu barədə onların vəkilləri Amerikanın Səsinə bildirib.
Belə ki, müdafiə tərəfi Ülvi Həsənlinin ev dustaqlığına buraxılmaması, Hafiz Babalının isə həbs müddətinin uzadılması haqda ilkin instansiya məhkəmələrinin qərarlarından apellyasiya şikayətləri verib.
Ümumiyyətlə indiyədək “Abzas Media” işi zürə müdafiə tərəfinin verdiyi bütün şikayət və vəsatətlər məhkəmələr tərəfindən təmin edilməyib.
Hafiz Babalının vəkili Rəsul Cəfərov Amerikanın Səsinə deyib ki, jurnalist məhkəmədə 2019-cu ildən sonra hər hansı xarici ölkəyə getmədiyini bildirib.
“Babalı özü məhkəmədə çıxış edib dedi ki, xarici ölkəyə getmədiyi halda sərhəddən qaçaqmal yolu ilə valyuta keçirmək qeyri-mümkündür. O məhkəmə heyətinin diqqətinə çatdırdı ki, nə hər hansı qaçaqmal valyutanın sərhəddən keçirilməsində, nə onun əlaqələndirlməsində, nə də ölkə daxilində kiməsə çatdırılmasında iştirak etməyib. Ona qarşı ittihamla bağlı istintaqın hər hansı dəlili və sübutu da yoxdur. İttiham uydurmadır və o dərhal azad edilməlidir. Lakin məhkəmə jurnalisti həbsadə saxladı”, o qeyd edib.
Hər iki vəkil məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) tələblərinin pozulaması ilə bağlı şikayət verəcəyini bildirib.
Xatıladaq ki, iyulun 9-da Bakının Xətai Rayon Məhkəməsi Babalının həbs müddətini daha 2 ay 7 gün (sentyabr 20-dək) uzadıb, iyulun 3-də isə Ülvi Həsənlinin ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.