Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək.
Bu qərarı iyulun 4-də bu partiyanın Məclisi qəbul edib.
Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək.
Arif Hacılı Amerikanın Səsinə bildirib ki, partiya Məclisinin sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.
"Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiyanın Divanına (İdarə Heyəti-red) həvalə etdi", o qeyd edib.
Onun sözlərinə görə, hələ deputatlığa namizəd irəli sürüləcək şəxslərin siyahısı dəqiqləşdirilməyib.
“Ancaq mümkün qədər çox seçki dairəsindən deputatlığa namizəd irəli sürəcəyik”, Məclis sədri bildirib.
Hacılı Müsavat Partiasının seçkilərdə təklikdə, yoxsa koalisiya şəklində iştirak edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, Müsavat Partiyasının ideoloji-siyasi mövqeyi ilə üst-üstə düşən siyasi partiyalar seçkilərdə koalisiya qurmaq barədə müraciət etməyib.
İndiyədək iqtidarda olan Yeni Azərbaycan Partiyası, Respublikaçı Allternativ (REAL) Partiyası, Ağ Partiya seçkilərdə iştirak edəcəyini bəyan edib.
İyunun 28-də 6-cı çağırış Milli Məclis işini başa çatdırıb.
Belə ki, Yeni Azərbaycan Partiyasından Milli Məclisdə təmsil olunan 68 deputat altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə uyğun olaraq Milli Məclis ölkə prezidentinə müraciət edib.
Azərbaycan Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsini Konstitusiyaya uyğun hesab edib.
Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkuilərinin keçrilməsi barədə sərəncam imzalayıb.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Xatırladaq ki, bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.