İyunun 21-də Cəbrayıl rayonu (Bakıdan 373 kilometr cənub-qərb) ərazisində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Raqif İsayev həlak olub.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın birgə məlumatında deyilir.
Hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Xəsarət alanların sayı açıqlanmır.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Bir gün əvvəl Cəbrayıl rayonunun Xorovlu kəndində yük maşını minaya düşüb, maşının sürücüsü 33 yaşlı Raqib Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sonuncu məlumatlara görə, 2020-ci ilin noyabrından etibarən azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 363 nəfər xəsarət alıb, onların 69-u ölüb.
Ekspertlərin fikrincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə partlamamış mina var.