Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da səfərdədir.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi X Platformasında məlumat yayıb.
Məlumatda deyilir ki, prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
“Görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub”, Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatında deyilir.
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass da X Platformasında Hikmət Hacıyevlə görüşü barədə yazıb.
“Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdə ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və Azərbaycanda keçiriləcək COP29-u müzakirə etdik. Biz Azərbaycanı haqsız yerə həbs edilənləri azad etməyə çağırmaqda davam edirik”, o X platformasında qeyd edib.
Xatırladaq ki, son zamanlar Azərbaycan-ABŞ münasibətlərində tənqidi yanaşmalar davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşündə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, həmçinin ABŞ-ın fəaliyyətini tənqid edib.
“Bu gün də baxın, bizə qarşı kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”, dövlət başçısı qeyd edib.
Bundan öncə, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycan və Ermənistanın Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsini alqışlayıb.
Dövlət katibi ABŞ-ın bu səyləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb, prezident Əliyevi erməni həmkarı ilə tempi saxlamağa çağırıb.
“Dövlət katibi Blinken ABŞ və Azərbaycan arasında güclü ikitərəfli münasibətlərə sadiqliyimizi vurğulayaraq, enerji, iqlim və kommunikasiya sahələrində ortaq məqsədlər üzrə əməkdaşlıq etmək və Bakıda keçiriləcək COP 29-un müvəffəqiyyətini təmin etmək üçün səylərimizi qeyd edib”, Dövlət Departamentinin məlumatında deyilir.
Məlumatda Blinkenin Azərbaycanın Qubad İbadoğlunun humanitar jest olaraq ev dustaqlığına buraxılmasını alqışladığı və onun tam və tezliklə azad edilməsinə çağırdığı qeyd edilir.
“Dövlət katibi Blinken bir daha Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırıb”, Dövlət Departamentinin məlumatında qeyd edilir.