Accessibility links

ABŞ konqresmeni Azərbaycanla bağlı rüşvət ittihamı ilə üzləşir


ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar
ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar

Bu həftə ABŞ Nümayəndələr Palatasının üzvü Henri Kuellar və həyat yoldaşı İmelda Azərbaycan hökumətinə və Meksikada qərargahlaşan banka xeyir vermək niyyəti ilə iki müxtəlif sxem üzrə rüşvət almaqda ittiham olunublar.

Mayın 3-də ictimailəşən ittihamnamədə iddia edilir ki, 2014-cü ilin dekabr ayı və 2021-ci ilin noyabr ayı arasında Kuellar və həyat yoldaşı Azərbaycandan və adı açıqlanmayan bankdan 600 min dollar həcmində rüşvət qəbul ediblər.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, cütlük cümə günü səlahiyyətli qurumlara təslim olub və nəzarətə götürülüb.

İttiham aktında deyilir ki, rüşvətlə alınan vəsait saxta konsaltinq müqavilələri ilə İmelda Kuellara və cütlüyün iki övladına məxsus şirkət vasitəsilə yuyulub. İttihamnamədə şirkətin ayda 25 min dollar aldığı qeyd edilir. Bunun müqabilində konqresmen öz ictimai mövqeyindən istifadə edərək Azərbaycanın xeyrinə ABŞ-ın xarici siyasətinə təsir göstərməyə, o cümlədən bankın fəaliyyətinə təhdid yaradan çirkli pulların yuyulmasına qarşı mübarizə siyasətinə qarşı lobbi fəaliyyətinə kömək etmək üçün ABŞ hökumət rəsmilərinə təzyiq etməyə çalışıb.

İttiham sənədində deyilir ki, İmelda Kuellar müqavilə əsasında Azərbaycan enerji şirkətinin Vaşinqtondakı ofisinə işinin başa çatdığını bildirən saxta hesab-faktura göndərib.

“Əslində bu müqavilə Henri Kuellar ilə Azərbaycan hökuməti arasında korrupsiya müqaviləsini ört-basdır etmək və qanuniləşdirmək üçün istifadə edilən saxtakarlıq idi”, - ittihamda deyilir.

Cümə günü ittiham aktının ictimailəşdirilməsindən öncə Kuellar bəyanat verərək iddiaları rədd edib.

"Mən aydın ifadə etmək istəyirəm ki, həm həyat yoldaşım, həm də mən bu iddialarda günahsızıq", deyə ABŞ Nümayəndələr Palatasında Texas ştatını təmsil edən Demokrat Kuelların bəyanatında bildirilib.

“Hər hansı addım atmaqdan öncə mən fəal şəkildə Nümayəndələr Palatasının Etika Komitəsindən hüquqi məsləhət aldım. Mənə hüquq şirkətindən aldığım rəylə bərabər birdən çox yazılı rəy verdilər”, rüşvət ittihamı üzləşən konqresmen bəyanatında əlavə edilir.

“Bundan əlavə, biz Vaşinqton prokurorları ilə görüş tələb edərək, faktları izah etməyə çağırdıq. Onlar işi bizimlə müzakirə etməkdən və tərəfimizi dinləməkdən imtina etdilər”, bəyanatda deyilir.

Kuellar ABŞ Nümayəndələr Palatasının ən mühafizəkar demokratlarından biri hesab edilir. O, noyabrda olacaq seçkilərdə 11-ci dəfə (ABŞ Nümayəndələr Palatası üzvləri 2 il müddətinə seçilir) seçilmək iddiasındır. Kuellar Meksika ilə həmsərhəd, o cümlədən Laredo və San Antonio şəhərlərinin daxil olduğunu bölgəni təmsil edir.

Kuellar Konqresin Azərbaycan Kokusunun həmsədri olub.

Forum

XS
SM
MD
LG