AŞPA məruzəçisi: Azərbaycan AŞPA-ya qayıtmaq üçün güzəştlərə getməlidir

Liz Kristoffersen, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın AŞPA-ya qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini deyib.

“Biz Azərbaycanı Assambleyada görmək istəyirik, bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir”, Kristoffersen Amerikanın Səsinə deyib.

Sözügedən güzəştlərin nədən ibarət olması, AŞPA-nın hansı şərtlər irəli sürməsi ilə bağlı suala cavab olaraq Kristoffersen qeyd edib ki, “Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir”.

Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ötən il 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olarkən onlara həbsxanada siyasi motivli ittihamlarla həbs edildiyi iddia edilən şəxslərə baş çəkmək icazəsi verilməyib.

Liz Kristoffersen qeyd edib ki, Azərbaycanın Ədliyyə naziri onlara növbəti səfərləri zamanı həbsxanaları ziyarət etməyə şərait yaradılacağını bildirsə də, ötən ilin 20-21 noyabrında baş tutan növbəti səfərdə yenidən icazə verilməyib.

Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin sərbəst fəaliyyətinə imkan verilməməsi və AŞPA-nın Azərbaycan üzrə digər məruzəçiləri Hanna Bardell və Pol Qavanın ümumiyyətlə ölkəyə girişinə icazə verilməməsi yanvar ayında baş tutan sessiyada Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi üçün səbəblərdən biri kimi göstərilib.

SEE ALSO: AŞPA həmməruzəçiləri Azərbaycanda ciddi narahatlıq doğuran məsələlərin qaldığını deyib

Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycanla bağlı hesabatı ötən sessiyada Assambleyada müzakirəyə çıxarılmalı olsa da, azərbaycanlı deputatların iştirakı dondurulması səbəbindən hesabatın müzakirəsi də təxirə salınıb.

Hesabatda korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, Məhkəmə-Hüquq Şurasında islahatlar kimi məsələlər alqışlansa da, məhkəmə sisteminin müstəqil olmaması və əsas azadlıqlarla bağlı vəziyyətin hələ də narahatlıq doğurduğu qeyd edilir.

Komitə xüsusilə ifadə azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin davam etməsindən, polis bölmələrində işgəncə və pis rəftarın digər formaları ilə bağlı iddia edilən hallar, habelə cinayətkarların cəzasız qalması barədə ciddi narahatlıq ifadə edib.

Liz Kristoffersen hesabatda qeyd edilən bir sıra narahatlıq doğuran məsələlərin həllinin vacib olduğunu bildirib və Azərbaycanın nümayəndə heyətinin AŞPA-ya geri dönməsindən sonra hesabat ətrafında müzakirə edə biləcəklərini əlavə edib.