Accessibility links

Müstəqil media nümayəndələri AŞPA-ya müraciət ediblər


Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

İyulun 22-də Milli Mətbuat Günündə müstəqil media nümayəndələri Avropa Şurası Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə, Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersenə müraciət ünvanlayıblar.

Jurnalistlər 2022-ci ilin fevral ayında Azərbaycanda qüvvəyə minmiş "Media haqqında" Qanunun media və ifadə azadlığını məhdudlaşdıran məzmunda tətbiq edilməsindən narahatlıqlarını ifadə edib və Avropa Şurasının üzvlərini mürtəce tənzimləmələrə qarşı dəstəyə dəvət ediblər.

Media nümayəndələri müraciətdə qeyd ediblər ki, "Media haqqında" Qanunun Azərbaycan Respublikası Konstitusiyasına, Avropa İnsan Hüquqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəalarına uyğun olmaması ilə bağlı yerli ekspertlərin hələ qanun qəbul edilməzdən əvvəl açıqladıqları mövqe 2022-ci ilin iyun ayında Avropa Şurasının Venesiya Komissiyasının açıqladığı rəydə də təsdiqlənib:

"Avropa Şurasına üzv olan hər hansı bir ölkədə belə məzmunlu qanunun tətbiqi yolverilməzdir. Komissiya hesab edib ki, qanun hazırkı mətni ilə tətbiq edilməməli, əgər bu baş verməzsə, onun bir çox müddəaları mütləq dəyişdirilməlidir. "Media haqqında" Qanunun Avropa Şurası standartlarına cavab verməməsi ilə bağlı qiymətləndirmə, Avropa Şurası Parlament

Liz Kristoffersen
Liz Kristoffersen

Assambleyasının 2023-cü ilin iyun ayında Azərbaycanda səfərdə olan həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersenin səfərinin yekunu ilə bağlı bəyanat və hesabatında bir daha təkrarlanıb, həmməruzəçilər media ilə bağlı mövcud qanunvericiliyin ümumilikdə mürtəce və məhdudlaşdırıcı məzmunda olduğunu ifadə ediblər. Bunun ardınca, Avropa Şurasının Nazirlər Komitəsi 2022-ci ilin dekabrında qəbul etdiyi qətnaməsində qanunun gecikmədən dəyişdirilməsini istəyib".

Müstəqil jurnalistlər müraciətdə deyir ki, qanunun mürtəce, ifadə və media azadlığını hədələyən məzmunu ilə bağlı ifadə edilmiş mövqelər, ortaya qoyulmuş rəylər indiyədək qətiyyən diqqətə alınmayıb, qanunun tam gücü ilə tətbiq edilməsinə başlanıb.

Jurnalistlərin sözlərinə görə, qanunun jurnalistika fəaliyyətini az qala lisenziyalı fəaliyyət növünə çevirən müddəalarının tətbiqi – dövlət tərəfindən media, jurnalistlərin vahid reyestrinin yaradılması, vahid vəsiqələrin verilməsi, reyestrə daxil edilənlərin fəaliyyətinin qanuni jurnalist fəaliyyəti hesab edilməsi, müstəqil media, azad jurnalistikanın fəaliyyətini olduqca neqativ təsirləndirməkdədir.

"Reyestrlə bağlı informasiyalar qapalıdır, bununla belə, natamam bilgilərə görə, azı 50 medianın reyestrə daxil edilməsindən imtina olunub. Digər tərəfdən, çıxış yolunu məhkəmələrə şikayət etməkdə görən medialarla bağlı məhkəmələr də ədalətli qərar vermir", deyə müraciətdə bildirilir.

Müstəqil media nümayəndələri qanunun Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı media rəhbərləri və jurnalistlərin Konstitusiya Məhkəməsinə müraciətlərinin baxılmamış qaldığını da vurğulayıb:

"Təəssüflər olsun ki, belə tənzimləmələrin tətbiq olunması, Azərbaycanı təməl hüquq və azadlıqların hakim olduğu Avropa ailəsinə yaxınlaşdırmır, onu ifadə, media azadlığının kövrək qalıqlarının da təhlükə altına düşdüyü ölkəyə çevirməkdədir. Bütün bunların Avropa Şurasının da müşahidəçiliyi altında yaşanması təəssüf doğurur. Çünki Avropa Şurası da bir çox hallarda üzv ölkədə azadlıqların məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atmayıb. Əksinə, bir çox hallarda monitorinq altında olan ölkədə baş verənlər diqqətdən kənarda qalıb. Bu da Azərbaycan cəmiyyətində, mediada Avropa Şurası kimi bir qurumun fəaliyyəti ilə bağlı inanmsızlıq mühitinin yaranmasına səbəb olub".

Sərhədsiz Reportyorlar təşkilatı
Sərhədsiz Reportyorlar təşkilatı

Jurnalistlər "Sərhədsiz Reportyorlar" təşkilatının media azadlığı reytinqində Azərbaycanın 180 ölkə arasında 154-cü yerdə olduğunu, bu qanunun qəbulu və icrası Azərbaycanda media mühitini bundan sonra daha da ağırlaşdıracağını və jurnalistlər üçün ciddi problemə çevirəcəyini qeyd ediblər. Media nümayəndələri Azərbaycanda söz və ifadə azadlığına təzyiqlərin artan xətt üzrə davam etdiyini, hələ də həbsxanalarda jurnalistlərin olduğunu bildiriblər.

"Məhdudlaşdırıcı "Media haqqında" Qanun icrasından sonra 2023-cü il martın 14-də Saatlı rayonunda suya görə keçirilən aksiyada, həmçinin iyunun 20-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağının yaratdığı ekoloji problemlə bağlı keçirilən aksiyalar zamanı müstəqil jurnalistlərin çəkiliş aparmasına imkan verilməyib, onlar saxlanılıb, təzyiqə məruz qalıb, aksiya keçirilən kənddən uzaqlaşdırılıblar, yalnız hökumətə yaxın icazəli jurnalistlər əraziyə buraxılıb. Artıq bir sıra dövlət qurumları Media Reyestrindən keçməyən jurnalist və mediaların informasiya sorğularını da cavablandırmaqdan imtina edirlər", deyə müraciətdə qeyd olunub.

Müraciəti imzalayan media təmsilçiləri, Azərbaycan hökumətinə Avropa Şurasına üzvlüklə bağlı öhdəliklərin qətiyyətlə xatırladılmasını, "Media haqqında" Qanunun ifadə və media azadlığına sağalmaz yaralar vurmadan dəyişdirilməsinin istənilməsini, əks halda bu problemlərin həllinə qədər Azərbaycanın üzvlüyünün dondurulmasını gündəmə gətirilməsini istəyiblər.

Nə baş verib?

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun" parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Reyestrin aparılması qaydaları prezidentin 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib. Azərbaycanda müstəqil jurnalistlər və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında" Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir. Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Qanundan narazı olan jurnalistlər "Reyestrsiz media" adlı platforma da yaradıblar.

Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı 21-ci Dünya Mətbuat Azadlığı İndeksi ilə bağlı hesabatda mətbuatla bağlı 180 ölkədəki vəziyyəti qiymətləndirib. Azərbaycan sıralamada 180 ölkə arasında 151-ci yerdədir.

Azərbaycan rəsmiləri isə beynəlxalq təşkilatların hesabatları ilə razı deyil. Bu kimi hesabatların həqiqətəuyğun olmadığını və qərəzli olduğunu bildirirlər.

XS
SM
MD
LG