Urmiyəli müəllim və müəllimlər sinfinin hüquq müdafiəçisi Kərim Bostançı 3 aylıq həbs və pul cəzasına məhkum edilib.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalı bu barədə məlumat yayıb. Bu Telegram kanalı azərbaycanlı müəllimə qarşı çıxarılmış hökmlərin surətini dərc edib.
Yayımlanan məlumata görə, müəllimlər həmkarlar ittifaqı fəalı Kərim Bostançı Xızırabad, Urmiyə İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamından təqsirli bilinərək, 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bostançı həmçinin Urmiyə Cinayət Məhkəməsinin 110 saylı şöbəsi tərəfindən "ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaq" ittihamından 15 milyon tümən cərimə ödəməyə məhkum edilib. Bu məhkəmə azərbaycanlı müəllimin mobil telefonunun hökumətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.
SEE ALSO: Urmiyəli müəllim məcburi təqaüdə çıxarılıbBundan əvvəl Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyaları Kərim Bostançıya qarşı bir neçə ittiham irəli sürüb onu məcburi təqaüdə çıxmağa məhkum etmişdi.
27 il ingilis dili müəllimi olaraq xidmət göstərən Kərim Bostançı Xızırabad, təhsil sistemini və hökuməti tənqid etmək və müəllimlər sinfinin hüquqlarını müdafiə etdiyi üçün inzibati pozuntulara baxan kollegiyalar tərəfindən fərqli ittihamlarla o cümlədən “Qərb mədəniyyəti və geyimi olan qalstuku təbliğ etmək” kimi ittihamlarla üzləşmişdi.
İranda müəllimlər sosial mediada İran rejimi əleyhinə tənqidi yazılar dərc etdiklərinə və ya müəllimlərin etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs edilir və işdən qovulurlar.