Accessibility links

İranda müəllimlər həmkarlar ittifaqının fəalı Bəhram Yaqubi işdən çıxarılıb


Bəhram Yaqubi
Bəhram Yaqubi

Təbrizli müəllim və müəllimlər həmkarlar ittifaqının fəalı Bəhram Yaqubi İranda müəllimlərin hüquqları ilə bağlı fəaliyyətlərinə görə, o cümlədən müəllimlərin etiraz aksiyalarında iştirak etdiyi üçün təqaüdə çıxmaq məcburiyyətində buraxılıb.

HRA xəbər agentliyi bildirib ki, bu qərar Şərqi Azərbaycan vilayətinin təhsil işçilərinin inzibati qanun pozuntularını araşdırma komitəsi tərəfindən verilib və bu həmkarlar ittifaqı fəalının 30 gün ərzində bu qərara etiraz etmək hüququ var.

Bu azərbaycanlı müəllimə qarşı verilən hökmə görə, Bəhram Yaqubi “İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək”, “xarici KİV-dən xəbərlər paylaşaraq ictimai rəyi çaşdırmaq”, “etiraz mitinqlərində iştirak etmək”, “müəllimləri mitinqlərə və oturaq aksiyalara dəvət etmək” və həmçinin "etiraz mitinqlərinə aid şəkilləri sosial mediada paylaşmaq" ittihamlarından günahkar tanınıb.

Vilayətin təhsil işçilərinin inzibati qanun pozuntularını araşdırma komitəsi onu bu ittihamlara görə təqaüdə çıxmağa məcbur edib.

Bu müəllim həmkarlar ittifaqı fəalına qarşı irəli sürülən ittihamlar İran İslam Respublikasının konstitusiyasında yer alan azadlıqlara zidd görünür.

Bəhram Yaqubi ilə eyni vaxtda Gilan vilayətində başqa bir müəllim də oxşar hökmlə təqaüdə çıxmaq məcburiyyətində qalıb. İran Müəllimlər Birliyinin Koordinasiya Şurası bununla bağlı yazıb ki, inzibati məhkəmələr “təhlükəsizlik qurumlarının arxa həyətinə” çevrilib və “əsassız qərarlar verməklə” müəllimlərin etirazlarını susdurmaq niyyətindədirlər.

Bu günlərdə İranda müəllimlər həbsdə olan müəllimlərin azad edilməsi üçün imzatoplama kampaniyasına başlayıblar. 20-yə yaxın müəllim həmkarlar ittifaqının fəalı İslam Respublikası həbsxanalarında saxlanılır. Mart ayından Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı müəllim Zeynəb Həmrəng Seyidbəyli də İranda həbsdə olan müəllimlərdən biridir.

XS
SM
MD
LG