Qərbi Azərbaycan vilayətinin Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyaları azərbaycanlı müəllim Kərim Bostançını məcburi təqaüdə çıxmağa məhkum edib.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalı bu barədə xəbər yayıb.
Kərim Bostançıya qarşı “sistemin vəzifəli şəxsləri və yüksək vəzifəli şəxslərə qarşı qeyri-adi sözlər və istehza xarakterli ifadələr işlətmək”, “hicab və təhsil sisteminin siyasətlərini sual altına aparmaq”, “qanunsuz olaraq müəllimlər həmkarlar ittifaqı təşkilatlarının fəallarına dəstək vermək” və “Qərb mədəniyyəti və geyimi olan qalstuku təbliğ etmək” kimi ittihamlar irəli sürülüb.
Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyalarının müəllim barəsində verdiyi bu qərarla bağlı 30 gün ərzində apellyasiya şikayəti verilə bilər, əks halda hökm icra olunacaq.
Urmiyədən olan 50 yaşlı Kərim Bostançı Xızırabad vilayətin müəllimlər həmkarlar ittifaqı fəallarından biri olub və 27 il Təhsil İdarəsində xidmət edib.
İranda müəllimlər 2018-ci ilin may ayından bəri ilk dəfə etiraz aksiyalarına və tətillərə başlayıb. Müəllimlər İranda dolanışıq problemləri ilə üzləşən təbəqələrdəndir. Ölkədə bir çox müəllim dinc etiraz aksiyalarında iştirak etdiyi üçün həbs edilib və ya işdən çıxarılıb.
Forum