Sərhədsiz Reportyorlar Azərbaycanda “saysız” jurnalist həbsini pisləyir

Toplum TV-nin ofisində axtarış

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Azərbaycanda müstəqil media orqanlarına qarşı təqibləri və “saysız” jurnalist həbslərini pisləyib.

Toplum TV-in Azərbaycanda müstəqil mediaya qarşı dövlət təzyiqinin “son qurbanı” olduğunu qeyd edən Sərhədsiz Reportyorlar mətbuat orqanının 5 jurnalistinin 5 ildən 8 ilədək həbs cəzasına məhkum edilə biləcəyini vurğulayır.

“Hakimiyyətin məqsədi bəllidir: vətəndaş cəmiyyətini bloklamaq və istənilən dissident səsi əzmək. Prezident İlham Əliyev siyasi plüralizmin bütün formalarını məhv etdikdən sonra müstəqil medianı rəsmi diskursa uyğunlaşdırır. RSF Azərbaycanın tərəfdaşlarını ölkədə mətbuat azadlığının kəskin şəkildə pisləşməsinə göz yummağı dayandırmağa və buna uyğun hərəkət etməyə çağırır”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

Martın 6-da Toplum TV-yə polis axtarışından sonra internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və əməkdaşı Müşfiq Cabbar “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə həbs edilib. Eyni ittihamla üzləşən jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə polis nəzarətinə verilməklə ev dustaqlığına buraxılıblar.

Ofisinin qapıları möhürlənən Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl martın 23-də ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Sərhədsiz Reportyorlar qeyd edir ki, “Toplum TV son 6 ayda İlham Əliyevin hakimiyyətinin qurbanı olan üçüncü müstəqil media orqanıdır”.

2023-cü ilin noyabr-dekabr aylarında korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytının və Kanal 13 televiziyasının jurnalistləri də “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər.

Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platformasının indeksinə əsasən 22 jurnalist və media işçisinin həbsi ilə Azərbaycan Avropa Şurasına üzv ölkələr sırasında ən çox jurnalistin həbs edildiyi ölkədir.

Bugünədək bir sıra dövlətlər və beynəlxalq təşkilatlar təqiblərlə bağlı narahatlıq ifadə etsə də, rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam olaraq təmin edildiyini vurğulayır.