Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Avrasiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibə Azərbaycanda son zamanlar müstəqil mediaya basqılar, jurnalistlərin həbsləri və onlara qarşı irəli sürülən ittihamlardan danışıb.
Amerikanın Səsi: Toplum TV-nin ofisində polis reydi və jurnalistlərin həbsləri geniş qınaqlarla qarşılanıb. Polisin reydi ölkədə müstəqil səslərə qarşı daha geniş təzyiqlər fonunda həyata keçirilib. AbzasMedia-nın bir neçə jurnalisti, bir sıra siyasi və vətəndaş cəmiyyəti fəalları artıq həbsdədir. Sizcə, bu həbslərin səbəbləri nə ilə bağlıdır?
Gülnoza Said: Hesab edirəm ki, bu, Azərbaycan hakimiyyətinin istənilən müstəqil səslərə, istənilən tənqidi səslərə qarşı tam sürətlə mübarizə apardığının bariz göstəricisidir. Və onlar rəsmilər arasında korrupsiya iddialarını araşdıran və bu barədə xəbərlər yayan ən tənqidi, ən mühüm media orqanlarının bəzilərini ən azı hələlik susdurmağa və effektiv şəkildə susdurmağa çalışırlar. Bu media qurumlarına və onların üzvlərinə, xüsusən də jurnalistlərə qarşı irəli sürülən ittihamlara nəzər saldıqda belə deyə bilərik ki, məqsəd bu media qurumlarını öldürməkdir.
Amerikanın Səsi: Siz bu jurnalistlərə qarşı ittihamları qeyd etdiniz. Toplum TV Azərbaycanda rəsmilər arasında korrupsiyanı işıqlandıran, araşdırmalar aparan azsaylı müstəqil media orqanlarından biridir. Bu, jurnalistləri valyuta qaçaqmalçılığı ilə bağlı ittiham olunan üçüncü media orqanıdır. Noyabr ayında müstəqil AbzasMedia nəşrinin və Kanal 13 müstəqil kanalının jurnalistləri də oxşar ittihamlarla üzləşiblər. Bu ittihamlar haqqında nə düşünürsünüz, bunlar nə dərəcədə ciddidir?
Gülnoza Said: Doğrudur, biz ilk dəfədir ki, rəsmilərin axtarışı zamanı həmin jurnalistlərin mənzillərində nağd pul tapdığını iddia etdiyi bu ittihamları görürük. Bəzi hallarda, bu, 2500 və ya 3000 avro kimi çox kiçik bir məbləğdir və mən güman edirəm ki, hər hansı bir ailənin bəzi fövqəladə hallar üçün saxladığı və ya saxlamağa çalışdığı belə bir məbləği ola bilər. Bəzi hallarda isə [rəsmilər] daha çox [məbləğ] tapdıqlarını iddia edirlər.
Amma tam aydın olan odur ki, Azərbaycanda media yalnız xaricdən gələn donor pulları hesabına yaşaya bildiyi üçün hakimiyyət Azərbaycan mediasına dəstək verən donor kanallarını bağlamağa cəhd etmək niyyətindədir. Bu çox aydındır. Və mən hesab edirəm ki, bu kanallar bağlansa, o zaman Azərbaycanın müstəqil mediası mövcudluğunu və fəaliyyətini davam etdirə bilməyəcək. Çünki inkişaf etmiş ölkələrdə gördüyümüz kimi, onları reklamla dəstəkləmək mümkün deyil. Onlar sadəcə olaraq bu müstəqil araşdırmaları almaq və onları dinləmək və ya eşitməkdə maraqlı olan, lakin bu media qurumlarını dəstəkləsələr, öz azadlıqlarını riskə ata bilən yerli əhalinin köməyi ilə davamlı maliyyə qaynaqlarına malik ola bilməzlər. Buna görə də bu, hakimiyyət üçün dediyim kimi, bu media qurumlarını bağlamaq üçün çox əmin bir yoldur.
Amerikanın Səsi: Digər narahatlıq Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə bağlıdır. O, tibb müəssisəsindən çıxarkən polis tərəfindən saxlanılıb və onun səhhəti ilə bağlı ciddi narahatlıqlar var. Onun lazımi tibbi yardım ala bilməsi üçün azad edilməsini təmin etmək üçün nə etmək lazımdır?
Gülnoza Said: Biz Azərbaycan rəsmiləri ilə əlaqə saxlamışıq və onlar son aylarda bizim bir çox müraciətlərimizə cavab veriblər. Biz hər dəfə jurnalist və ya media əməkdaşı saxlanılan zaman - əvvəlcə AbzasMedia, sonra isə Kanal 13- sorğu göndərəndə onlar polis və hüquq-mühafizə orqanlarına cavabdeh olan Daxili İşlər nazirinin müavini səviyyəsində cavab veriblər. Yəni, onlar hər dəfə cavab veriblər. Onlar izah ediblər ki, bu ittihamların jurnalistika və reportajlarla heç bir əlaqəsi yoxdur. Lakin onların cavab verməsi faktı bir neçə il əvvələ nisbətən əhəmiyyətli bir dəyişiklikdir. Biz Azərbaycan rəsmilərinə çoxlu məktublar göndərmişdik, lakin onlar heç vaxt cavab verməmişdilər. Ona görə də buna baxaraq qərara gəldik ki, Azərbaycan Daxili İşlər Nazirliyi ilə görüş istəyək. Hələ cavab almamışıq. Mən hələ də ümid edirəm ki, bütün bu işləri müzakirə edəcəyimiz bir görüş olacaq. Amma təbii ki, ümid edirəm ki, Azərbaycan hakimiyyətini bütün həbs edilmiş jurnalistləri, jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalistləri azad etməyə çağırmaq üçün bu görüşü gözləmək lazım gəlməyəcək. Və rəqəmlər çox yüksəkdir. Bizim araşdırmalarımıza görə, hazırda 11 jurnalist həbsdədir. Həbsdə olan bir neçə jurnalist də var ki, biz onların işini hələ də araşdırırıq və ittihamların onların jurnalist fəaliyyəti ilə bağlı olub-olmadığını müəyyən etməyə çalışırıq. Azərbaycanın Daxili İşlər nazirinə müraciətimdə verdiyim suallardan biri də məhz həmin işlərlə bağlı idi, çünki biz onların araşdırmalarına görə həbsdə saxlanmadığı ilə bağlı izahat, sübut istəyirik.
Ələsgər [Məmmədliyə] gəldikdə, xərçənglə mübarizə aparmağa çalışan və xərçəngin müalicəsinə ehtiyacı olan bir adamı həbsdə saxlamaq təbii ki, insanlığa sığmır və biz dünyanın ən pis diktatorları tərəfindən jurnalistlərin səhhətinə fikir verməyərək, onları həbsdə saxlamağa davam etdiyi zaman bu cür rəftarın şahidi olmuşuq. Mən ümid edirəm ki, Azərbaycan hakimiyyəti bəzi diktatorlar kimi qəddar olmayacaq və Ələsgər [Məmmədlini] azad edəcək, ona və həbsdə olan digər jurnalistlərə qarşı bütün ittihamları ləğv edəcək.
Amerikanın Səsi: Mən bu sualı əvvəlki müsahibələrimizdə də vermişəm və yenə də verirəm. Həbsdə olan jurnalistlərin azad edilməsi üçün hansı addımlar atıla bilər və jurnalistlərin azad edilməsi üçün Azərbaycan hakimiyyətinə təzyiq məqsədilə nə etmək mümkündür?
Gülnoza Said: Biz Azərbaycanda vəziyyətlə bağlı məlumatlılığı artırmağa çalışaraq, müxtəlif tərəflərlə işləyirik və Azərbaycanın üzvü olduğu Avropa Şurasından tutmuş ATƏT və digərlərə qədər müxtəlif səviyyələrdə çoxlu narahatlıqlar var. Amma mənim fikrimcə, bu dəfə fərqli olan və məni ən çox narahat edən odur ki, indi Azərbaycan hakimiyyətini belə görünür, beynəlxalq ictimaiyyətin onlar haqqında rəyi heç maraqlandırmır. Və əslində, jurnalistlərin xaricdən donor təşkilatlarından pul alması və ya qaçaqmalçılıqla bağlı bütün bu iddialar da Azərbaycan hökuməti ilə Qərb arasında daha böyük ziddiyyətlərin və ya mübahisələrin tərkib hissəsidir. Düşünürəm ki, bu, müəyyən mənada Azərbaycan Dağlıq Qarabağı geri aldıqdan sonra başladı və qələbəyə baxmayaraq, bir çox azərbaycanlının coşqusuna baxmayaraq, onlar, bir çox rəsmilər mümkündür Qərbin Azərbaycanı dəstəkləmədiyini gördülər. Azərbaycan hökumətinin rəsmiləri isə Dağlıq Qarabağa yenidən qovuşmaqla öz haqqına düşəni etdiklərinə inanırlar. Ermənistan Qərb hökumətlərindən dəstək aldığı üçün Azərbaycan rəsmiləri bunu onlara qarşı hərəkət kimi qiymətləndirirlər, amma mütləq deyil ki, bu belədir, çünki xarici hökumətlər və beynəlxalq təşkilatlar eyni zamanda bir çox müxtəlif hökumətlərə, hətta münaqişələrdə iştirak edənlərə də dəstək verə bilirlər. Təbii ki, Rusiya ilə bağlı vəziyyət başqadır, çünki [Rusiya] səbəbsiz müharibəyə başlayıb. Azərbaycanla vəziyyət fərqlidir. Buna görə də əslində mən burada məntiq görmürəm. Amma məncə, bir tendensiya var və mən ümid edirəm ki, İlham Əliyev yenidən seçildiyi üçün bu tendensiya dəyişəcək. O, ölkə daxilində o qədər də güclü müqavimətlə üzləşmir. O, jurnalistlərdən, mediadan bu qədər qorxurmu? Hələ də onların əsas düşmənləri olduğunu düşünürmü? Mən bilmirəm.
Forum