Xədicə İsmayıl: Məni şahid qismində istintaqa dəvət ediblər

Xədicə İsmayıl

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl martın 14-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Bu barədə Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib.

“Bakı şəhər Baş Polis İdarəsinndən Eldar Qədimov adlı müstəniq zəng edib, dəvət etdi. Başqa bir izah vermədi. Bundan öncə zəng edəndə demişdilər ki, Toplum TV-nin işi ilə bağlı sualları var”, o qeyd edib.

Xədicə İsmayıl istintaqa şahid qismində çağırıldığını bildirib.

Your browser doesn’t support HTML5

Xədicə İsmayıl: Məni şahid qismində istintaqa dəvət ediblər

Baş redaktor istintaqa vəkilllə getmək ehtimalının az olduğunu deyib.

“Çünki bu iş üzrə order götürmüş vəkilim Bakıda deyil. İstintaqa dəvət edilməyimi başqa günə təxirə saldırmağa çalışdı, amma alınmadı”.

O, bu gün barəsində həbs qətimkan tədbiri seçilmə ehtimalını istisna etməyib.

“Hər şey ola bilər. Həbs də seçilə bilər. Onların hər hansı qərarının arxasında məntiqli izah axtarmıram. Amma həbs edə bilərlərmi? Hə, həbs edə bilərlər. Onlar həbs etmək istəyirlərsə, həbs etsinlər”, Xədicə İsmayıl qeyd edib.

O, beynəlxalq və yerli ictimaiyyətə müraciət edərək bildirib: “Toplum TV cinayətlə məşğul olmayıb, jurnalistika ilə məşğul olub. Ümid edirəm ki, həbsdə olmasam jurnalist fəaliyyətimi davam etdirəcəyik. Əgər hesab edirlərsə bir-bir bizi susdurmaqla nəyəsə nail olacaqlar, bunun da yalan olduğunu onlara sübut etmək lazımdır”, baş redaktor qeyd edib.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.