Accessibility links

Məhkəmə Ələsgər Məmmədli və Ruslan İzzətli barədə 4 ay həbs qətimkan tədbiri seçib


Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli
Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə vəkillər Aqil Layic və Orxan Abbasov Amerikan Səsinə bildirib.

Aqil Layicin sözlərinə görə, Ələsgər Məmmədli qaçaqmalçılıqda ittiham olunur.

Vəkil onun səhhətində problemlərin olduğunu deyib.

“Heç bir maddi və prosessual əsaslar yoxdur. Tibbi göstərişlərə əsasən təcili şəkildə cərrahi müdaxilə olunmalıdır. Bədənin üç hissəsində şiş var. Səhhəti normal deyil. Qeyd elədi ki, bir az nəfəs almaqda çətinlik çəkir. Çox ehtimal boğazında olan şişlə bağlıdır. Biz tibbi sənədi də məhkəməyə təqdim elədik. Təəssüflər olsun ki, heç bir səbəb olmadan, sadəcə qarşısında olan ittihamı və eyni zamanda təqdimat vəsatətini təsdiq etdi”, vəkil qeyd edib.

Aqil Layic bildirib ki, məhkəmədə çıxış edən Ələsgər Məmmədli həbsini ictimai fəaliyyəti ilə əlaqələndirib.

Vəkil həmçinin heç bir fiziki zorakılıq və pis rəftar olmadığını bildirib.

Qərara münasibətə gəldikdə isə vəkil bunları deyib: “Ələsgər bəy təəssüf elədi. Dedi ki, bu, qərarı verənlər üçün də nə zamansa baş ucalığı gətirməyəcək. Sabah mənim səhhətimə bir şey olsa ən azından daxili vicdanı ilə üz-üzə qalacaqlar”, vəkil əlavə edib.

Aqil Layıc birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Ələsgər Məmmədlinin yaxınlarının Amerikanın Səsinə dediyinə əsasən, onun evində axtarış zamanı 60 min avro pul tapılıb.

Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Vəkil Orxan Babayev Amerikanın Səsinə bildirib ki, Ruslan İzzətli ittihamı qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb.

"Ruslan İzzətli bildirdi ki, saxlanılan və evində axtarış aparılan zamanı hüquqları pozulub. Axtarış aparan şəxslərin bütün hərəkətlərini izləyə bilməyib. Dedi ki, o digər otağa keçəndə polis əməkdaşları qonaq otağında gülqabına xarici valyuta qoyub. O evində xarici valyutanın olmadığını və götürülən pulun ona məxsus olmadığını dedi. Bildirdi ki, ittiham əsassızdır və onun həmin cinayət əməlinin törədilməsinə heç bir adidiyyatı yoxdur", vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, Ruslan İzzətlinin əlində həkim rəyi var. O ödündən cərrahi əməliyyat olunmalıdır.

Orxan Abbasov Ruslan İzzətlinin ailəsi ilə məsləhətləşəndən sonra məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu gün saxlanılanlarla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkana tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də Toplum TV-nin əməkdaşı Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə şübhəli şəxs qismində saxlanılıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Azərbaycan Daxili İşlər Nazirliyi martın 6-da Amerikanın Səsinə axtarışların “bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə” aparıldığını bildirsə də, rəsmi qurumlar hələ də məsələ ilə bağlı ictimaiyyətə ətraflı açıqlama verməyib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.

ABŞ və Böyük Britaniya, Fransa həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar da daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar həbsləri pisləyib.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Toplum TV 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Forum

XS
SM
MD
LG