Accessibility links

Ruslan İzzətlinin yoldaşı: Həkim dedi ki, ödü hər an "pristup" verə bilər


Ruslan İzzətli-siyasətçi
Ruslan İzzətli-siyasətçi

"III Respublika” Platformasının üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onun səhhətindən narahatdır.

Günel Manaflının Amerikanın Səsinə bildirib ki, Ruslan İzzətlinin həkimi ilə görüşüb.

“Hər hansı dərman göndərə bilərəmmi deyə məsləhətləşdim. Təəssüf ki, onun dərmanlıq olmadığını, əməliyyat olunmasının vacibliyini vurğuladı. Həkim dedi ki, ödü hər an "pristup" verə bilər. O təcili xəstəxanaya çatdırılmalıdır. Yaxşı olardı ki, bu baş vermədən əməliyyat gerçəkləşsin. Çünki xəstəxanaya çatması geciksə, qanına zəhərlənmə keçə bilər. Ruslan evdə olarkən də yediklərini qaytarırdı. Öd həzm etmirdi, onda ağrı, ağızda acılıq və ürəkbulanma, qaytarma halları olurdu. Soyuqdəymə olduğu, öskürdüyü üçün əməliyyat təxirə salınırdı. Bununla bağlı narahatlığımı Ombudsmanın köməkçisinə də bildirdim. Ümid edirəm, bir tədbir görüləcək”, o bildirib.

Günül Manaflı Ruslan İzzətlinin başına hər hansı bir iş gələrsə, məsuliyyətini hakimiyyətin daşıdığını bildirib.

Bundan əvvəl Günül Manaflı bildirib ki, martın 11-də Ruslan İzzətli zəng edib.

“Çox qısa iki dəqiqə danışa bildim. Vəkil də görüşməyib. Amma apellyasiya şikayəti verilib”, o bildirib.

O hazırda Ruslan İzzətli ilə görüşə bilmədiyini qeyd edib.

Bu deyilənlərə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik şərh bildirməyib.

Xatırlatma

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin “III Respublika” Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Tolpum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin “III Respublika” Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.

Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

"III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb.

"Həmçinin beynəlxalq birliyi də Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırırıq”, bəyanatda bildirilir.

Forum

XS
SM
MD
LG