Azərbaycanın bir qrup jurnalisti və media sahəsi üzrə mütəxəssislər ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazova müraciət edərək “Toplum” TV-nin həmtəsisçisi, “Toplum” TV işi üzrə istintaq çərçivəsində həbs edilmiş Ələsgər Məmmədlinin azad edilməsini xahiş edib.
Bu barədə Amerikanın Səsinə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Onun sözlərinə görə, müraciətdə qeyd olunub ki, Ələsgər Məmmədlinin təcili olaraq keyfiyyətli müayinə və intensiv müalicəyə ehtiyacı var.
“Uzun illərdir ki, biz Ələsgər Məmmədlini savadlı media eksperti, radikalizmdən uzaq və qanunçuluq tərəfdarı olan təcrübəli hüquqşünas kimi tanıyırıq.
Bununla belə, biz dövlət orqanlarının kiminsə fəaliyyəti ilə əlaqədar yaranmış şübhələri araşdırmaq səlahiyyətinə müdaxilə etmirik. Narahatlığımıza əsas səbəb bir neçə gün əvvəl xəstəxanada müayinə zamanı Ələsgər Məmmədlinin daxili orqanlarında şişlərin aşkar edilməsidir. Həkimlər onların bədxassəli olduğunu bildirirlər, həmkarımızın təcili olaraq keyfiyyətli müayinə və intensiv müalicəyə ehtiyacı var.
Cənab nazir, xahiş edirik, Ələsgər Məmmədli ilə bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsi barədə müraciətimizi nəzərə alasınız. Böyük ehtimalla, indi onun həyatı bu imkandan asılıdır. Həmkarımızın həmin imkandan istifadə edə bilməsi, onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün biz üzərimizə zəruri öhdəliklər də götürməyə hazırıq.
Bizim əvvəl də sizə buna bənzər müraciətimiz olub. O zaman problemi dərhal aradan qaldırdığınız üçün fürsətdən istifadə edib, bir daha minnətdarlığımızı çatdırmaq istəyirik. Ümid edirik ki, bu halda da qanunun tələbləri ilə yanaşı, humanizm prinsiplərini nəzərə alaraq, tədbir görəcəksiniz”, müraciətdə deyilir.
Müraciəti "Yeni nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin və "Ayna-Zerkalo" onlayn nəşrinin rəhbəri Elçin Şıxlı və Turan agentliyinin direktoru Mehman Əliyev imzalayıblar.
Bu müraciətlə bağlı DİN hələlik münasibət bildirməyib.
Media hüquqları üzrə ekspert Əlsəgər Məmmədli Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilir.
Məmmədli martın 8-də saxlanılıb. Bundan əvvəl, martın 6-da Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-i barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.
Həbs olunanların barəsində apellyasiya şikayəti verilib.
Forum