Apellyasiya Məhkəməsi "Abzas Media"nın həbsdə olan direktorunun şikayətini təmin etmədi

Ülvi Həsənli

Martın 7-də Bakı Apellyasiya Məhkəməsi "Abzas Media" internet nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin vəkillə telefon danışıqlarına qoyulmuş qadağadan verilmiş apellyasiya şikayətini təmin etməyib.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilsə də, telefon danışığına qadağa qoyulub.

Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

O qeyd edib ki, Ülvi Həsənlinin vəkillə telefon danışıqlarına qoyulmuş qadağa qanunsuzdur.

Onun sözlərinə görə, bugünkü məhkəmə prosesində jurnalist Ülvi Həsənli də iştirak edib. O, məhkəmə prosesində vəkilin verdiyi apellyasiya şikayəti ilə razılaşsa da, məhkəmə təmin etməyib.

Bu deyilənlərlə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru barəsində isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçib.

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbinin "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.