Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Məlumatda nazirlərin Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi apardığı bildirilir.
“Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib”, məlumatda qeyd edilir.
Nazir Bayramov mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib.
İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılmasını ehtiva edir.
2023-cü ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb. Bu ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub.
Rəsmi məlumata görə hazırda dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlər aparılır. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.