Bu ay ABŞ və Azərbaycan arasında əlaqələrin 32-ci ili tamam olur. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu münasibətlə öz fikirlərini video formatında yayıb.
ABŞ səfiri bildirir: “Bu müddət ərzində enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarəti və investisiyaları təkmilləşdirmək, transmilli təhdidlərlə mübarizə aparmaq üçün ən yüksək səviyyədə birlikdə çalışdıq. Minlərlə insan mədəniyyətlərarası akademik və peşəkar mübadilə imkanlarından istifadə edib. Bu il Azərbaycan cəmiyyətinin bütün sektorlarından bu mübadilə proqramlarının məzunlarını bir yerə toplayan ABŞ-da Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyasının 20-ci ildönümünü qeyd edəcəyik. İcmalara kömək etmək və bölgələrimiz arasında əlaqələri gücləndirmək üçün etdikləri işlərə görə onlara minnətdarıq. Bu il COP29-da Azərbaycana qoşulmağı və mübarizə strategiyalarını inkişaf etdirmək üçün tərəfdaşlığımızı səbirsizliklə gözləyirik. Biz inanırıq ki, bu il regionda ləyaqətli və davamlı sülh üçün real şans yaranıb. Biz hər iki tərəfi dəstəkləməyə hazırıq. Digər faydalarla yanaşı su investisiyalarının stimullaşdırılması və bazarların açılması Azərbaycanın daha böyük iqtisadi inkişafı ilə nəticələnəcək. İki ölkə arasındakı əlaqələrin uzun illər davam etməsinə ümid edirik”, ABŞ səfiri qeyd edib.
Your browser doesn’t support HTML5
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, iki ölkə arasında münasibətlər əslində çox praqmatik olub.
“Amma, münasibətlərdə həmişə bir problem ortaya çıxıb. Bu münasibətlərin bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı olub. Burada erməni diasporası mənfi təsiredici amillərdən olub. Amma, Azərbaycan dövlət başçısının son dəfə ABŞ Dövlət katibi ilə görüşündə belə təklif irəli sürülüb ki, ikitərəfli əlaqələr qarşılıqlı maraqlar nəzərə alınaraq həyata keçirilməlidir. Amma münaqişə mövzusu bunlara təsir etməməlidir. Hesab edirəm ki, bu məntiq və ya davranış qaydaları problemin həllinə gətirib çıxaracaq”, o qeyd edib.
Keçmiş nazir hesab edir ki, diaspora bəzən Amerika rəsmilərinin mövqelərinə təsir edir və onların mövqeləri obyektivliklə uzlaşmır.
“İndi Amerika administrasiyası seçki ərəfəsindədir. Hesab edirəm ki, seçkilərdən sonra Azərbaycanın təklif etdiyi taktika qəbul olunacaq. Çünki ABŞ-ın ikitərəfli münasibətlərdə xeyli sayda maraqları var. Hesab edirəm ki, tərəflər bu sahədə dialoqa hazırdır”, o belə düşünür.
Zülfüqarov ABŞ-ın regionda maraqlarından danışarkən deyib ki, kommunikasiyalar, nəqliyyat dəhlizləri, ABŞ-ın Mərkəzi Asiya ölkələri ilə fəallaşmaqda olan münasibətləri, Türk Dövlətləri Təşkilatı, İran, Rusiya, Çin faktorları yeni geoplitik durum yaradıb.
“Çoğrafi baxımdan Azərbaycan olmadan bütün bunlar mümkün deyil. Bütün bunları nəzərə alsaq ikitərəfli münasibətlərin müsbət məcrada inkişafı üçün böyük bir potensial imkanlar mövcuddur”, keçmiş nazir qeyd edib.
Zülfüqarov insan hüquqları üzrə əməkdaşlıq sahəsindəki problemlərlə bağlı sualın cavabında deyib ki, bu, bütün dövlətlərə qarşı işləyən amilidr.
“Bəllidir ki, ABŞ bu amildən təsir mexanizmi kimi istifadə edir. Azərbaycan da bu ittihamlara cavab olaraq seçkiləri keçirdi. Birmənalı göstərdi ki, alternativ yoxdur və bunu onlar da qəbul edib. Yəni bu diskussiya olunacaq məsələdir və təzyiq üçün istifadə olunan amildir. Hesab edirəm ki, bunun da müzakirəsi problemli olmayacaq. Bu mövzuda Azərbaycanın deyiləsi arqumentləri var. Bəlkə Azərbaycanda nöqsanlar da var. Mən bunu istisna etmirəm. Amma bunlar dialoqla həll olunan mövzulardır”, o belə hesab edir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət Katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident George Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-nin Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açılıb. O zaman Robert Finn Müvəqqəti işlər vəkili olub.
“Birləşmiş Ştatlar və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir.
Azərbaycanın ABŞ ilə diplomatik əlaqələrinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dən böyük tərəfdarı yoxdur”, ABŞ səfirliyinin diplomatik münasibətlərin 30-cu ildönümü münasibəti ilə bağlı məlumatında bildirib.
Azərbaycanın ABŞ-dakı səfirliynin məlumatında deyilir ki, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır.
ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulub. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los Anceles şəhərində Baş Konsulluğu 9 avqust 2005-ci il tarixində təsis olunub. 2010-cu ildən isə Azərbaycanın Yeni Meksika ştatının Santa Fe şəhərində fəxri konsuluğu mövcuddur.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1997-ci ildən fəaliyyət göstərir. ABŞ Konqresində 24 mart 2004-cü ildən fəaliyyət göstərən 38 üzvü olan Azərbaycan üzrə İşçi Qrupu var.
1993-cü ildən etibarən yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində səfərlər və görüşlər baş tutub. ABŞ-a ilk rəsmi səfər 1997-ci ldə Prezident Heydər Əliyev tərəfindən həyata keçirilib. Sonuncu dəfə, 2016-cı ilin 30 mart – 1 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri baş tutub.
Səfirlik bildirir ki, Azərbaycan və ABŞ arasında müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri, siyasi münasibətlər üçün təkanverici amil və yardım proqramları nəticəsində Azərbaycan qurumlarının öz qabiliyyətlərinin inkişafı üçün əlavə zəmindir.
Səfirlik bildirir ki, 31 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə gələcək münasibətlərə dair Birgə Bəyanat” və 30 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikası ilə ABŞ arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığa dair Birgə Bəyanat” ikitərəfli hərbi əlaqələrin inkişafına təkan verir.
ABŞ tərəfi 2002-ci ildən etibarən Azərbaycana təhlükəsizlik sahəsində dəstək verir. Yardımlar Xarici Hərbi Maliyyələşmə Proqramı (Foreign Military Financing Program – FMF), Beynəlxalq Hərbi Təhsil və Təlim (International Military Education and Training – IMET)), 2018-ci ildən etibarən Müdafiə Departamentinin “333-cü bölməsi” çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı və digər proqramlar üzrə həyata keçirilir.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox).
Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard ABŞ dolları sərmayə yatırıb.
Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.
2007-ci ildə Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası təsis edilib.
Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam edib. 14 sentyabr 2017-ci ildə Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində Şevron və Ekson şirkətləri yer alıb.
ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləyir.
Belə ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib.
2017-ci ildə “Azərbaycan Hava Yolları” və “Silk Way Airlines” ilə Boeing arasında təyyarələrin alınmasına dair ümumilikdə 3 milyard ABŞ dolları dəyərində, 2021-ci ilin aprelində “Silk Way West Airlines” ilə Boeing arasında 5 ədəd Boeing 777F tipli karqo təyyarəsinin alınması barədə sazişlər imzalanıb.
Azərbaycanın ilk peyki “Azerspace-1”-in istehsalı, dizaynı və 2013-cü ildə orbitə buraxılması ilə əlaqədar ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti ilə əməkdaşlıq edilib və “Azerspace-2” peykinin 2018-ci ildə orbitə buraxılması çərçivəsində peyki hazırlayan “Space Systems/Loral LLC” şirkəti ilə əməkdaşlıq qurulub.
1995-ci ildə təsis olunan ABŞ-Azərbaycan Ticarət Palatası uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları və biznesləri üçün mühüm resurs olub, ticarət missiyaları və konfranslar, hökumət və biznes liderlərinin tərəfdaşlığı üçün platformadır.
2016-cı ildən ABŞ və Azərbaycan dövlət qurumlarının iştirakı ilə keçirilən illik Trans-Xəzər forumu ABŞ, Azərbaycan və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətlərini müzakirə edir.