Accessibility links

ABŞ və Böyük Britaniya səfirləri repressiya qurbanı Hüseyn Cavidin abidəsi önündə Aleksey Navalnının xatirəsini yad edib


ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Hüseyn Cavidin abidəsi önündə (Mənbə: ABŞ səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Hüseyn Cavidin abidəsi önündə (Mənbə: ABŞ səfirliyi)

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Rusiya müxalifətinin lideri Aleksey Navalnının xatirəsini yad etmək üçün fevralın 20-də Stalin repressiyası zamanı Sibirdəki həbs düşərgəsində ölmüş Azərbaycan şairi Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoyub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin X platformasında səfir Libbinin Aleksey Navalnının həyat yoldaşı və ailəsinə baş sağlığı verdiyi qeyd edilib.

“Aleksey Navalnının həyat yoldaşı və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Hər yerdə azadlıqsevər insanlar onun şücaətini heç vaxt unutmayacaq,” səfir Libbi qeyd edib.

Öz növbəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da X platformasında eyni paylaşım edib.

“Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum,” səfir Auld qeyd edib.

Bundan öncə, fevralın 19-da Azərbaycanın paytaxtında Rusiya müxalifətinin lideri, fevralın 16-da Rusiya həbsxanasında ölən Aleksey Navalnının xatirəsi anılıb.

Belə ki, naməlum şəxslər 1937-ci ildə Stalin repressiyası zamanı Sibirdəki həbs düşərgəsində ölmüş Azərbaycan şairi Hüseyn Cavidin abidəsinin önünə çiçək dəstələri və Aleksey Navalnının fotoportretini qoyublar.

Rusiyanın Bakıdakı səfirliyi hələ bunlarla bağlı şərh verməyib.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının fevralın 16-da saxlanıldığı cəzaçəkmə müəssisəsində ölməsi dünyada çoxsaylı tənqidi reaksiyalara səbəb olub.

“Korrupsiyaya qarşı Mübarizə Fondu”nun rəhbəri Aleksey Navalnı Vladimir Putinin ən kəskin tənqidçisi idi. O, müxtəlif ittihamlarla 19 il müddətinə azadlıqdan məhrum edilmişdi və cəzasını Arktikada, Moskvadan 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets Muxtar Dairəsindəki Xarp yaşayış məntəqəsində “Qütb canavarı” adlandırılan IK-3 cəzaçəkmə müəssisəsində çəkirdi.

Rusiyada Aleksey Navalnının xatirəsini yad edərkən 400-dən çox insan saxlanılıb.

ABŞ Prezidenti Co Bayden Aleksey Navalnının ölümünə görə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Forum

XS
SM
MD
LG