Accessibility links

Qalib Toğrul: Aleksey Navalnının ölümündən sonra Qubad İbadoğlunun ailəsi onun səhhətindən çox narahatdır


Qubad İbadoğlu (Gubad Ibadoghlu)
Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Toğrul rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada olümündən sonra iqtisadçı alimin səhhəti ilə bağlı narahatlığın artdığını bildirib.

Amerikanın Səsinə açıqlama verən Qalib Toğrul fevralın 17-də qardaşı ilə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüyünü bildirib. Onun sözlərinə görə, ailəsi Qubad İbadoğlunun səhhətindən narahatdır.

Qubad İbadoğlu: Mənim qardaşımın orqanizmini məqsədli şəkildə hissə-hissə sıradan çıxarılma prosesini həyata keçirirlər
please wait

No media source currently available

0:00 0:03:16 0:00

“Hələ Navalnının ölümündən xeyli əvvəl, ötən ilin sentyabr ayında mən Qubad İbadoğlunun ailəsi olaraq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinə, səfirliklərə bir müraciət ünvanlamışdım. Orada da bildirmişdim ki, mən son ümid yeri kimi sizə müraciət edirəm. Ailəsi olaraq narahatıq ki, qardaşımı fiziki cəhətdən təcridxana şəraitində məhv edə bilərlər”, o qeyd edib.

Qalib Toğrul qeyd edir ki, mütəmadi olaraq yerli və beynəlxalq qurumlara Qubad İbadoğlunun səhhətinin təhdid altında olması ilə bağlı konkret faktlar göstərir.

“Narahatçılığımız artıq Aleksey Navalnının ölümündən sonra daha da artıb. Qardaşıma Bakı İstintaq Təcridxanasının “sançast”ında sistem köçürülür və sistem bitdikdən sonra 1 dəqiqə belə uzanıb dincəlməsinə imkan verilmədən, dərhal kamerasına aparırlar.

Halbuki sistem köçürülməsi və digər bu kimi kompleks (stasionar) müalicə tədbirləri üçün Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsi var. Ancaq Ədliyyə Nazirliyi, nazirliyin Tibb Baş İdarəsi və Penitensiar Xidmət səhhətində ağırlaşmalar qeydə alınan qardaşımı məqsədli şəkildə ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürməkdən imtina edir”, Qalib Toğrul bildirib.

Qalib Toğrul bir daha Ədliyyə Nazirliyini, nazirliyin Tibb Baş İdarəsini, Penitensiar Xidməti və Ombudsmanı vəzifə məsuliyyətlərini dərindən dərk edərək professor Qubad İbadoğlunun təcili olaraq ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülməsini təmin edilməsinə çağırır.

“Ailəsi olaraq Navalnının ölümündən sonra çox böyük gərginlik və narahatçılıq içərisindəyik ki, qardaşımın həyatı ilə bağlı təhlükə dərəcəsi daha da artıb", o deyib.

Bununla bağlı Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, Ombudsaman Aparatından, Bakı İstintaq Təcridxanasından və cinayət işini aparan istintaq orqanından şərh alması mümkün olmayıb.

Bundan əlavə Qalib Toğrul deyib ki, İbadoğlunun vəkillərilə telefon danışığına qoyulmuş məhdudiyyət aradan qaldırılmayıb. Apellyasiya Məhkəmkəsi ötən həftə bu qərarı qüvvədə saxlayıb.

Kremlin sərt tənqidçisi Navalnı fevralın 16-da Arktika bölogəsində həbsxanada vəfat edib.

Aleksey Navalnı
Aleksey Navalnı

Dissidentlər və bəzi Qərb liderləri 47 yaşlı siyasətçinin ağır həbs şəraitində səhhətinin aylarla pisləşməsindən sonra ölümündə birbaşa olaraq Rusiya prezidenti Vladimir Putini və onun hökumətini günahlandırırlar.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç X sosial platformasında Qubad İbadoğlunun azad edilməsinə çağıraraq, onun Navalnı kimi həbsxanada ölə bilməsindən narahatlığını bildirib.

Xatırlatma

2013-cü il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar

Öz növbəsində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, nə Qubad İbadoğlu, nə də digər bir şəxs qanunsuz və zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə məruz qalmır.

Deputatın bildirdiyinə görə, “cəmiyyətdə də heç bir siyasi fəaliyyəti ilə yadda qalmayan” İbadoğlunun qanuni əsaslarla həbsə alınması, yaxud azadlıqda qalması hakimiyyət üçün nəyisə dəyişmir.

“Bu mənada bir daha qeyd edilməlidir ki, İbadoğlunun həbsi siyasi məsələ deyil. Konkret faktlar üzrə cinayət təqibi başlanıb bu məsələ üzrə, istintaqın gedişində də dövlətin adiyyatı sturkturların əsas hədəfi ondan ibarətdir ki, cinayət prosesində hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında bu prosesin həyata keçirilməsini təmin etsinlər”, o bildirib.

Forum

XS
SM
MD
LG