Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının həbsdə olan fəalı Şahin Hacıyev 6 saylı Cəzaçəkmə Müəssisəsində 15 sutka cərimə təcridxanasında (kars) saxlanıldıqdan sonra daha 10 sutka cərimə təcridxanasına salınıb.
Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Məlumatda deyilir ki, siyasi məhbus kimi tanınan Şahin Hacıyevin birinci dəfə cərimə təcridaxansına salınmasına səbəb onun kurtkasının və köynəyinin arxa hissəsinə "mən günahsızam", “seçki şou” sözləri yazması olub.
“Birinci “kars”ın müddəti bitdikdən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ona belə bir sual verib: “Ağıllandın?” Şahin Hacıyev sualı eşidər-eşitməz mövcud idarəetmənin əleyhinə kəskin tənqidi fikirlər söyləyib. Buna cavab olaraq AXCP fəalına daha 10 sutka “kars” elan olunub”, “Müdafiə Xətti”nin məlumatında deyilir.
Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin “Müdafiə Xətti”nin məlumatı ilə bağlı sorğusuna hələ cavab verməyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.
Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.
Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası əmindir ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.
Öz növbəsində, hüquq-mühafizə orqanları sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq-mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.
Şahin Hacıyev dəfələrlə şahmat üzrə Azərbaycan və Türkiyə çempionu olub.