Accessibility links

AXCP fəalı 6 il azadlıqdan məhrum edilib


Şahin Hacıyev
Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 6 il azadlıqdan məhrum edilib.

Bu barədə martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Hökmdən əvvəl son söz deyən Şahin Hacıyev ona verilmiş itthamla razılaşmayıb və hesab edir ki, günahsızdır.

Vəkil Zabil Qəhrəmanov Amerikanın Səsinə bildirib ki, Şahin Hacıyev məhkəmədə ittihamı qəbul etməyib.

“Hacıyev protokolları işgəncə altında imzaladığını bildirdi. Onu saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə saxta rəy əlavə edilib. Yazıblar ki, məhkəmə-narkoloji ekspertizasının 29 noyabr tarixli rəyinə əsasən, Hacıyev heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkir. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Şahin heç vaxt siqaret və spirtli içki istifadəçisi olmayıb,” vəkil qeyd edib.

Qəhrəmanovun sözlərinə görə, AXCP fəalını evindən aparıblar və onun evindən iki noutbuk götürüblər.

Vəkil deyib ki, Hacıyev saxlanılan zaman onun evində olan iki şəxs də məhkəmədə dindirilib və həmin şəxslər evdən narkotik maddənin götürülmədiyni təsdiq ediblər.

Məhkəmə iclasları “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı tərəfindən monitorinq edilir. Təşklatın icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.

“AXCP Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsi, “narkobaron” çıxarılması qondarma motivlərə söykənir. Şahin bəy sosial şəbəkələrdə hökumətin ünvanına sərt tənqidi qeydlər paylaşırdı.”

Hüquq müdafiəçisi hökmdən apellyasiya şikayəti veriləcəyini də istisna etməyib.

“ Daxili instansiyalarda adekvat məhkəmə qərarının çıxarılmasına ümid etməsək də Avropa İnsan Haqları Məhkəməsində ədalətin bərqərar olacağına inam bəsləyirik” deyə o bildirib.

Öz növbəsində dövlət ittihamçısı martın 29-da Şahin Hacıyevə 7 il 6 ay həbs istəmişdi.

Şahin Hacıyevin həbsi və istintaqı ilə bağlı hüquq mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb. Bununla yanaşı, bir qayda olaraq istintaq orqanı cinayət işlərinin necə aparılmasına məhkəmənin qiymət verəcəyini bildirir. Məhkəmə orqanları isə narazı tərəfin yuxarı məhkəmə instansiyalarına şikayət etmək hüququnun olduğunu diqqətə çatdırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.

Öz növbəsində, hüquq mühafizə orqanları işgəncə və sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.

XS
SM
MD
LG