Accessibility links

AXCP fəalı Şahin Hacıyevin kassasiya şikayəti təmin edilməyib


Şahin Hacıyev (Arxiv foto. Mənbə Facebook)
Şahin Hacıyev (Arxiv foto. Mənbə Facebook)

Fevralın 9-da Ali Məhkəmə hakim İlqar Qılıcovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə Şöbəsinin fəalı Şahin Hacıyevin kassasiya şikayətini təmin etməyib. Ali Məhkəmə Gəncə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AXCP-nin məlumatında deyilir ki, Şahin Hacıyev vəkillərdən imtina edərək öz hüquqlarını özü qoruyacağını bildirsə də məhkəmə iclasında iştirakı təmin edilməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.

“AXCP Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsi, “narkobaron” çıxarılması qondarma motivlərə söykənir. Şahin bəy sosial şəbəkələrdə hökumətin ünvanına sərt tənqidi qeydlər paylaşırdı”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında da əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.

Öz növbəsində, hüquq mühafizə orqanları sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.-

XS
SM
MD
LG