Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 18-də Azərbaycanla bağlı 11 yeni qərar və qərardadını elan edib.
Məhkəmə 2009-cu ildə həbs edilmiş fəallar Adnan Hacızadə və Emin Millinin (Abdullayev) azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə hüquqlarının pozulduğunu aşkarlayıb. Azərbaycan hökuməti həmçinin Müsavat partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri və hüquq müdafiəçisi Rüfət Səfərova təzminat ödəməli olacaq.
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının monitorinqini aparan aihmaz.org saytının məlumatına görə, Adnan Hacızadə və Emin Milli 8 iyul 2009-cu ildə Bakıdakı “Livan” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərərvurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb, Hacızadə 2 il, Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hər iki ərizəçi həbslərinədək ictimai fəaliyyətlə məşğul olub, sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşıblar. Hadisələrin baş verdiyi vaxt onlar, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildiriblər.
Adnan Hacızadə və Emin Milli Avropa Məhkəməsinə müraciətlərində bildiriblər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, onlara adekvat tibbi yardım göstərilməyib, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qalıblar.
Onlar həmçinin cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanıldıqlarını, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs edildiklərini, barələrindəki cinayət prosesinin əsassız olduğunu, ictimai fəalliyyətlərinə və tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını vurğulayıblar.
AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Konvensiyanın 5.3-cü maddəsi), habelə ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6.1-ci maddəsi) hüquqlarının pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 4700 avro təzminat ödəməlidir.
“13 il gözlədiyim Avropa Məhkəməsinin qərarı çıxdı bü gün. Həyatımın bu səhifəsini də geridə qoyuram”, Adnan Hacızadə qərarla bağlı qeyd edib.
Hökumət AXCP üzvlərinə və Müsavat partiyasına təzminat ödəməli olacaq
Çıxarılan qərarlar arasında həmçinin müxtəlif zamanlarda dinc aksiyalarda iştirakına görə saxlanılan və inzibati həbsə məhkum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin işləri də yer alır.
“İlqar Məmmədov və başqaları Azərbaycana qarşı” işində ərizəçilər Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.
Bu işdə bütün ərizəçilərə (İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov) münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Hökumət ərizəçilərin hər birinə 1000 avro mənəvi zərər, 250 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.
Hökumət həmçinin Müsavat partiyasının dinc toplantı keçirməsinə icazə verilməməsinin qanunsuz olduğunu etiraf edib. “Müsavat Partiyası Azərbaycana qarşı” işlərində (müxtəlif vaxtlarda verilmiş 2 ərizə) dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirləriə digər məhdudiyyətlərin tətbiqinin qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi partiya Konvensiyanın 11-ci və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuları etiraf etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçi partiyaya 3000, onun təmsilçisinə isə 500 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.
Strasburq məhkəməsinin digər bir qərardadına əsasən Azərbaycan hökuməti hüquq müdafiəçisi Rüfət Səfərova da təzminat ödəməli olacaq. “Səfərov Azərbaycana qarşı” işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 250 avro ödəməlidir. Ərizəçini AİHM-də hüquqşunas Tural Ağayev təmsil edib.
“Eldəniz Hacıyev və Salman Abdullayev Azərbaycana qarşı” işində isə ərizəçilər İslam təmayüllü nurçu təriqətinin üzvləri olub. Onlar şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə, saxlanılmış, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb olunmuşdular. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılmışdı.
Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirdilər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.
Bu işdə tərəflər dostca anlaşıblar.
AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərərə əvəzi 3800, hüquqi xərclərə görə 600 avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.
Məhkəmənin qərar çıxardığı digər bir iş isə “Aygün Mahmudova Azərbaycana qarşı” işidir.
Bu işin hallarına görə, ərizəçi Aygün Mahmudova Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də, birinci instansiya məhkəməsi onun şikayətini rədd edib. Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin həmin qərardan kassasiya şikayəti isə rədd edilib.
Mahmudova Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edib.
AİHM bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4000 avro mənəvi zərər, 230 avro xərc və məsrəf əvəzi ödəməlidir.
“Məhəmməd Bağırov Azərbaycana qarşı” işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlı olub.
Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi AİHM qarşısında iddia edirdi ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb. Ərizəçi həmçinin məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edirdi.
Bu işdə tərəflər dostca anlaşıblar.
AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3500 avro, hüquqi xərclər əvəzi 1250 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Cavad Cavadov təmsil edib.
SEE ALSO: Avropa Şurası rəsmisi: Azərbaycanda AİHM qərarlarının icrasının reallaşdırılması ilə bağlı ciddi problemlər var“Nadirli və başqaları Azərbaycana qarşı məhkəmə işi” də ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
Bu işdə hökumət iddia olunan pozuntuları etiraf edərək, AİHM-ə təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət 6 ərizəçinin (İsmayıl Nadirli, Mütü Türksoy, Qoşqar Əhmədov, Bəxtiyar Məmmədli, Orxan Məmmədov və Yaşar Xaspoladov) hər birinə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərc əvəzi 250 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
“Məmmədov və başqaları Azərbaycana qarşı” məhkəmə işi də eynilə ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirmişdi.
Bu işdə hökumət iddia olunan pzountuları etiraf edib, ərizəçilərə təzminat ödməyi təklif edib. AİHM-in qərardadına görə, hökumət 8 ərizəçinin (A.Məmmədov, Cəmil Hacıyev, Zahir Məmmədov, Mübariz Abdulkərimov, Azad Mahmudov, Ruslan Əmirov, Murad Xammədov, Vüqar Cabbarlı) hər birinə 1000 avro mənəvi zərər əvəzi ödəməlidir. 6 işdə hər bir ərizəçiyə 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Ərizəçiləri AİHM-də hüquqşunaslar Xalid Bağırov, Əlayif Həsənov, Tural Ağayev, Ramil Süleymanov təmsil edib.
“Məmmədov Azərbaycana qarşı” qarşı işi də ictimai toplantı iştirakçısına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 2500 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.
AİHM “İsmayılzadə Azərbaycana qarşı” işi üzrə də qərarını elan edib. Bu işdə ərizəçi Leyla İsmayılzadə oğluna Əbülfəzabbas adını qoymaq istəsə də, rəsmi qurumlar bu adın qeydiyyata alınmasından imtina ediblər.
Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməyib. Yerli məhkəmələr bu yanaşmanı haqlı sayıb, eyni zamanda qeyd edilən adların tələffüz problemi yaradacağı səbəbindən yeni doğulmuş körpənin maraqlarına uyğun olmayacağını ifadə edib.
İsmayılzadə Avropa Məhkəməsinə şikayətində Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuz olduğunu iddia edib. Ancaq AİHM Konvensiyanın 8-ci maddəsinin pozulmadığına qərar verib.