Fransa Senatının yanvarın 17-si Azərbaycanın ötən ilin sentyabr ayında Qarabağda keçirdiyi əməliyyatı pisləyən, Azərbaycan rəsmilərinə qarşı Avropa İttifaqı səviyyəsində sanksiyalara çağıran qətnamə layihəsini səsverməyə çıxaracağı gözlənilir.
“Ermənistan Respublikasının ərazi bütövlüyü” başlıqlı qətnamə layihəsi həmçinin Ermənistana müdafiə qabiliyyətini artırması, ərazi bütövlüyünə qarşı təhdidlərin qarşısını ala bilməsi üçün zəruri vasitələr, o cümlədən hərbi dəstək verilməsinə çağırır.
Sənədi hazırlayan senatorlar Azərbaycanın ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatın “humanitar faciə və əsl etnik təmizləmə” ilə nəticələndiyini, Azərbaycanın Qarabağda erməni mədəni irsini məhv etməyə çalışdığını qeyd edirlər.
Qətnamə layihəsi həmçinin keçmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın liderlərinin həbsini pisləyir və onların dərhal azad olunmasına çağırır.
Məsələ ilə bağlı münasibət bildirən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qətnamə layihəsinin reallıqdan uzaq səhv məlumatlara əsaslandığını qeyd edib.
“157 saylı qətnamə layihəsi reallıqdan uzaq səhv məlumatlara əsaslanır. Regionda davamlı sülh perspektivi tələb edir ki, hər kəs alovu körükləmək əvəzinə məsələlərə adekvat yanaşsın”, Səfir X səhifəsində yazıb.
Azərbaycan sentyabrın 19-da ölkənin konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Növbəti gün Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb.
Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.
Rəsmi Bakı bugünədək “etnik təmizləmə” ilə bağlı ittihamları qəti şəkildə rədd edib, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.
Fransa Senatı 2022-ci ilin noyabrında qəbul etdiyi digər bir qətnaməsində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Fransa hökumətini Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırmışdı.
Senatın çərşənbə günü müzakirəyə çıxaracağı qətnamə lahiyəsi əvvəlki qətnamə kimi icbari xarakter daşımır.