İctimai fəal Ayxan İsrafilov məhkəmədə narkotik ittihamını rədd etdiyini bildirib

Ayxan İsrafilov

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədriliyi ilə keçirilən prosesdə İşçi Masası Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov ona qarşı irəli sürülən narkotik ittihamını rədd edib.

Ayxan İsrafilov bildirib ki, saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsində fiziki təzyiq altında etirafedici ifadə vermək məcburiyyətində qalıb. Həmçinin onu evində axtarış aparılması və digər ailə üzvlərinin məsuliyyətə cəlb olunması ilə hədələyiblər.

O ifadə verib ki, polisə aparılarkən bildiriblər ki, həbsə göstəriş "yuxarıdan" gəlib və narkotik maddə ittihamını etiraf etməlidir. İsrafilov ona qarşı cinayət işini müstəqil həmkarlar ittifaqında fəaliyyətilə əlaqələndirib.

Hakim Fəxri Məmmədov fəala qarşı ehtimal edilən psixoloji və fiziki təzyiqlə bağlı sorğuları istintaq orqanına və prokurorluğa göndərmək barədə qərar qəbul edib, növbəti iclası yanvarın 30-na təyin edib.

Ayxan İsrafilov ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İşçi Masasının sədri Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Təşkilatın digər üzü Elvin Mustafayev də narkotik ittihamı ilə həbs olunub.