Accessibility links

Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır


Afiəddin Məmmədov
Afiəddin Məmmədov

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov saxlanılma şəraitindən narazı olduğunu bildirib.

Bu barədə o, yaxınları vasitəsilə məlumat yayıb.

Afiəddin Məmmədov qeyd edib ki, saxlanıldığı kamerada heç bir şərait yoxdur.

"Təcridxanada vəziyyət bərbaddır, havalandırma yoxdur. 5 nəfər üçün nəzərdə tutulmuş yerdə 9 nəfər saxlanılır. İçəridən üfunət iyi gəlir və yer zibillərlə doludur," ictimai fəal bildirib.

Afiəddin Məmmədovun sözlərinə görə, məhkəmə təyin edilən günlərdə psixoloji şiddətə məruz qalır.

"Məhkəmədən gələndə 1 saat “boks” adlandırılan yerdə gözlətməkləri, daha sonra MSY-ə gətirilərkən 4 saat saxlamaları sırf psixoloji təzyiqin olması üçün idi. Nəzarətçilərdən gözləmə səbəbləri soruşulanda özlərindən razı bir şəkildə “məsləhət biləndə apararıq” deyirdilər. Gətirilərkən və aparılarkən avtomobili çox sürətlə sürürlər. Nəticədə dustaqların ürəkləri bulanır və hər dəfə bir dustaq qaytarır," ictimai fəal bildirib.

Məsələ ilə bağlı Bakı İstintaq Təcridxanasından münasibət öyrənmək mümkün olmayıb.

Sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Sentyabrın 29-da Afiəddin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Forum

XS
SM
MD
LG