Azərbaycandan 2023-cü ildə 23,8 milyard kubmetr qaz ixrac olunub.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında yazıb.
Məlumata görə, ixrac olunan qazın 11,8 milyard kubmetri Avropaya nəql olunub.
“Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql olunub”, paylaşımda qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bildirib ki, artıq Avropanın 8 ölkəsi Azərbaycandan qaz alır.
“Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşulub, müxtəlif interkonnektorlar yaradılıb və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olub”.
Onun sözlərinə görə, Azərbaycan qazına tələbat var və artacaq.
“Resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür. Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni, bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” - bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür”, dövlət başçısı qeyd edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsini nəzərdə tutan memorandum imzalayıb.
“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya var. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.
Rəsmi statistikaya görə, Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.