Accessibility links

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru açılıb


Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru açılıb (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru açılıb (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

Azərbaycan Prezidenti bildirib ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir.

“Azərbaycan hazırda təbii qazını səkkiz ölkəyə ixrac edir, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək”, o qeyd edib.

Əliyev ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu xatırladıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır.

“2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir”, Prezident deyib.

Açılış mərasimində həmçinin Azərbaycanın Bolqarıstana bu il 1 milyard kubmetrə yaxın qaz ixrac edəcəyi bildirilib.

Serbiya-Bolqarıstan qaz interkonnektoru layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilib. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək.

Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir.

Borunun diametri 700 mm və maksimum təzyiqi 55 bar olan onun gücü ildə Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək.

Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq ki, bu da Serbiyanın bu üç şəhəri və bölgəsinə qaz təchizatı əldə etməyə imkan verəcək. Tikinti işlərinə 2022-ci ilin yanvarında başlanılıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, 2022-ci ilin iyulunda Azərbaycanla Avropa İttifaqı enerji əməkdaşlığına dair memorandum imzalayıb.

“Orada göstərilir ki, 2027-ci ildə artıq Azərbaycan iki dəfə həcmləri artırmağı öz öhdəliyinə götürür. Bu baxımdan Azərbaycan əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə infrastrukturun genişləndirlməsi ilə bağlı işlərini davam etdirir. Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Rəsmi statistikaya görə Azərbaycanın 800 milyon tondan çox neft, 2,6 trilyon kubmetr qaz ehtiyatları var.

Forum

XS
SM
MD
LG