ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn deyib ki, ABŞ və Aİ “Cənub Qaz Dəhlizi"nin təhlükəsizliyinin təminatı məsələsində iştirakçılara yardım edəcək.
***
Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının iştirakçıları iclasın yekunları üzrə birgə bəyannamə imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin iştirakı ilə sənədi toplantıda iştirak edən 12 nazir imzalayıb.
Bəyannamədə Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır.
“Cənib Qaz Dəhlizi” Məşvərət Şurasının 2015-ci il fevralın 12-də keçirilmiş birinci iclasından ötən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin “Cənib Qaz Dəhlizi” layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir.
Bundan başqa, “Cənib Qaz Dəhlizi” layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqı sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və perspektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və “İon-Adriatik” qaz kəməri layihəsinə xüsusi maraq göstərildiyi bildirilir.
Bununla yanaşı, CQD çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları ilə gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə enerji birliyinin baza strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.
Bəyannamədə CQD-nin imkanlarının artırılması üçün yeni təchizatçı, yaxud tranzit ölkələrin cəlbi ilə əlaqədar yarana biləcək məsələlərin həlli məqsədilə ikitərəfli və çoxtərəfli işçi qrupları səviyyəsində məsləhətləşmələr formatının davam etdirilməsi niyyəti bildirilir.
Həmçinin “Cənub Qaz Dəhlizi”nə əlavə təchizatçıların qoşulması və qaz həcmlərinin artırılması ilə layihənin imkanlarının maksimum şəkildə istifadə olunması üçün səylərin artırılması yekdilliklə bəyan edilib.
***
Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, "Cənub Qaz Dəhlizi" strateji layihədir və onun reallaşması üçün tərəflər əlindən gələni əsirgəməyəcək.
"Əgər layihələrdən birində gecikmə olarsa, bu, bütövlükdə "Cənub Qaz Dəhlizi"nin yubanmasına səbəb olacaq. Bu layihəyə ümumilikdə 45 mlrd. dollardan çox vəsait yatırılacaq. Azərbaycan tərəfi bu layihənin həyata keçirilməsində heç bir problem görmür. "Cənub Qaz Dəhlizi" təkcə Azərbaycan üçün deyil, Avropa üçün də strateji əhəmiyyətə malik olan layihədir. Bu layihəyə Avropa İttifaqı və ABŞ tərəfindən böyük dəstək var. Bu gün keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasında geniş müzakirələr aparılıb. İclasın gündəliyi olduqca geniş olub. Biz hər bir ölkənin gördüyü və görəcəyi işlər, qarşıda duran çətinliklər barədə müzakirə aparmışıq".
Cənab Əliyev Azərbaycan hökuməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) layihədəki payına uyğun olaraq maliyyə öhdəliyini bu ilin aprelinədək tam yerinə yetirəcək.
Amerikanın Səsinin dünyadakı iqtisadi böhran və neftin qiymətinin kəskin aşağı düşməsinin layihənin reallaşmasında yaradacaq risklərlə bağlı sualının cavabında Azərbaycanın energetika naziri Natiq Əliyev, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn və Türkiyənin energetika naziri Berat Albayrak layihədə iştirak edən dövlətlərin, şirkətlərin və bankların öhdəliklərinə sadiq olduqlarını deyib.
"Neftin kəskin ucuzlaşmasına baxmayaraq, "Cənub Qaz Dəhlizi"ni reallaşdıran ölkələr öz öhdəliklərini vaxtında icra edəcəklər. Bütün iştirakçı dövlətlər, şirkətlər, o cümlədən banklar öz öhdəliklərini vurğuladı və təsdiq etdilər ki, öhdəliklərini yerinə yetirəcəklər", Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviç bildirib.
"2015-ci ildə neftin qiyməti 80 faiz aşağı düşüb. Bütün neft şirkətləri kapital qoyuluşunu azaldacağını bildirib. Buna baxmayaraq, "Cənub Qaz Dəhlizi" iştirakçıları öhdəliklərini bir daha təsdiq etdi", ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn qeyd edib.
Türkiyənin energetika naziri Berat Albayrak deyib ki, layihəyə cəlb edilən Türkiyə şirkətləri və təşkilatlar işi davam etdirirlər, layihənin reallaşmasını əngəlləyən məsələ yoxdur.
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Maroş Şefçoviç regiiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin "Cənub Qaz Dəhlizi" layihəsinə ehtimal olunan təhlükələrlə bağlı sualın cavabında deyib ki, yeni qaz dəhlizi yeni strateji aktivə çevrilir.
""Biz yeni qaz dəhlizinin təhlükəsizliyini təmin etməliyik. İştirakçı dövlətlər dəhlizin təhlükəsizliyinin təmin edilməsinə öz töhfələrini verməlidir. Yeni kəmərlər regionda geosiyasi təhlükəsizliyə əsas verə bilər", Şefçoviç qeyd edib.