Azərbaycan və İran Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian

Dekabrın 26-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan və İran arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığı barədə məlumatında deyilir.

Məlumatda bildirilir ki, nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələlərini də müzakirə edib.

Dekabrın 27-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın Ermənistana səfəri gözlənilir.

Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, Ermənistan və İran xarici işlər nazirləri arasında görüş baş tutacaq.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı, son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirilməsi həmçinin Sovet İttifaqı dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Sovetlət dövründə dəmir yolunun bu hissəsi Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharbəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib.