Accessibility links

Keçmiş səfir: Azərbaycanın ABŞ üçün əhəmiyyəti çox böyük, olduqca böyükdür


Keçmiş səfir: Azərbaycanın ABŞ üçün əhəmiyyəti çox böyük, olduqca böyükdür
please wait

No media source currently available

0:00 0:10:09 0:00

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsində tərəflərə kömək etməyə hazır olduğunu bəyan edib. Vaşqinton bu il dövlət katibi Blinkenin iştirakı ilə iki dəfə ikitərəfli danışıqlara ev sahibliyi edib. Diplomatlar tezliklə ABŞ-da müzakirələrin yeni mərhələsinin keçirilməsini gözləyir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibədə növbəti görüşdən gözləntilər və Birləşmiş Ştatlar və Azərbaycan münasibətlərindən danışıb.

Amerikanın Səsi: ABŞ Azərbaycanın və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı niyyətlərini təsdiqləyən birgə bəyanatını alqışlayıb. Dövlət katibinin köməkçisi Ceyms O'Brayn birgə bəyanatı mühüm addım adlandırıb və ölkələrin bir-birinə dəstək göstərməsinin normal ikitərəfli münasibətlərin qurulmasının əsası olduğunu deyib. O həmçinin bildirib ki, ABŞ prosesi irəli aparmağa kömək etməyə hazırdır. Bu açıqlamalar bəzi müşahidəçilərin iki ölkə arasında sülh perspektivlərinin qeyri-müəyyən olaraq qaldığına dair şübhələri fonunda səslənir. Siz sülh danışıqları və yekun sazişin imzalanmasının mümkünlüyü barədə nə düşünürsünüz?

Robert Sekuta: Düşünürəm ki, bunlar yerində və açığı çox çətin suallardır. Əvvəla, mən nikbinəm və ümid edirəm ki, irəliyə doğru bir yol var. Lakin bu, əslində bir çox kiçik addımlardan və Azərbaycanla Ermənistan arasında iqlimin yaxşılaşdırılmasından asılıdır. Bu, asan deyil. Bu, asan olmayacaq və səbir tələb edəcək. Bu, insanlardan o qədər də asan olmayan bəzi şeylər etmələrini və hər iki tərəfdən onlar arasında iqlimi dəyişməyi tələb edəcək və bunun üçün çoxlu kiçik addımlar tələb olunacaq. Hər kəs razılaşmanın doğru yerdə əldə edildiyinə dair yaxşı əlamət axtarır. Buna nail olmaq çətin olacaq. Hesab edirəm ki, Azərbaycanla Ermənistanın əldə etdiyi ikitərəfli razılaşma həqiqətən də əlamətdardır. Bu, uzun müddətdir hazırlanan bir şeydir. Düşünürəm ki, bu illər ərzində bu iki ölkəni bir-birinə yaxınlaşdırmaq üçün xarici tərəflərdən, ABŞ tərəfindən kömək edilib, həm də başqalarından müəyyən köməkliklər olub. Amma hələ çox iş var. Düşünürəm ki, bunlar həyata keçiriləcək. Məncə, istənilən danışıqların bir hissəsi ondan ibarətdir ki, kənar adamlar üçün çox qeyri-müəyyən, çox kiçik görünə bilən şeylər üzərində çox iş görülməlidir. Amma bəyanatlar üzərində işləmək, bəyanatların arxasındakı niyyətlər üzərində işləmək, aydın olmaq, hər iki tərəfin nə demək istədiyi üzərində işləmək müzakirə aparmaq, bəzən eşitmək istəmədiyin şeyləri eşitməyi tələb edir. Ancaq hər iki tərəfin bunu eşitməsi və işlərin hansı istiaməqdə getdiyini anlaması vacibdir.

Amma onlar arasında bu yaxınlarda əldə edilmiş razılaşma baxımından, hesab edirəm ki, bu, irəliyə doğru atılmış mühüm addımdır. Mən mübadilə edilmiş kişilər və onların ailələri üçün bunun çox böyük bir razılaşma olduğunu təsəvvür edə bilərəm. Lakin mən düşünürəm ki, Birləşmiş Ştatlar hər iki tərəfin bir araya gəlməsinə kömək etməkdə əlindən gələni etməkdə maraqlıdır. Mümkün olanı etmək təkcə sazişin özünün əldə edilməsi deyil, düşündüyüm kimi, Ermənistan və Azərbaycan arasında etimadın, inamın yaradılması və bir-birini yenidən tanınması səviyyəsinin artırılması deməkdir. Bu, məncə, ABŞ-ın faydalı şəkildə edə biləcəyi şeydir.

Amerikanın Səsi: Birləşmiş Ştatlar bu il dövlət katibi Blinkenin sülh danışıqlarında birbaşa iştirak etdiyi ikitərəfli danışıqlara ev sahibliyi edib. Tezliklə Vaşinqtonda müzakirələrin yeni raundunun keçirilməsi gözlənilir. Sizin fikrinizcə, Birləşmiş Ştatlar hansı nəticələrin əldə edilməsinə ümid edir? Bununla yanaşı, ABŞ hazırda Ukrayna və Yaxın Şərqdə münaqişələrə diqqət yetirdiyi halda Cənubi Qafqaz prioritet olacaqmı?

Robert Sekuta: Mən burada əsasən bu mövzuda təcrübəsi olan bir amerikalı kimi danışacağam. Mən artıq hökumətdə deyiləm və ABŞ hökumətinin faktiki olaraq nəyə diqqət yetirdiyi və ya öz sənədlərində nəyə çağırdıqları barədə heç bir məlumatım yoxdur. Amma mən dövlət katibinin köməkçisi O’Braynın nəyə ümid etdiyi baxımından onun dediklərinə diqqətlə baxardım. Bunlar bizim burada axtardığımız sözlərdir. ABŞ-ın dünyanın bu hissəsində uzunmüddətli maraqları var. ABŞ bütün bu ölkələrin, Ermənistan və Azərbaycanın suverenliyində, müstəqilliyində, ərazi bütövlüyündə maraqlıdır. Birləşmiş Ştatlar istər Azərbaycanda, istər Ermənistanda, istərsə də daha geniş mənada vaxtilə Sovet İttifaqının tərkibində olmuş digər ölkələrdə iqtisadi rifah, insanların rifahında maraqlıdır. ABŞ həmçinin məncə, hələ danışmadığımız, amma vacib olan məsələdə maraqlıdır və bu, demokratik inkişaf və insan haqları baxımından, bu ölkələrin xalqlarının rifahı və azadlığı baxımından inkişafdır. Bunlar Birləşmiş Ştatların bu regionda davamlı, uzunmüddətli maraqlarıdır və ABŞ bu maraqların irəliləməsinə kömək etmək üçün oradakı ölkələrlə işləməyə hazırdır.

Sualınızın ikinci hissəsinə gəlincə, bəli, Birləşmiş Ştatlar eyni zamanda çox şeyi edə bilər və açığı buna ehtiyac duyur. Dünyadakı mövqeyimizin tələblərindən biri də budur. Lakin mən səfir olanda da bunu söyləmişdim və indi də deyirəm ki, Cənubi Qafqazda vəziyyət qaydalara əsaslanan beynəlxalq nizam, bütünlüklə azad və əgər hələ bunu demək mümkündürsə, sülh içində bir Avropa ilə bağlı ümumi baxış üçün əhəmiyyət kəsb edir. Qafqazda gördüklərimiz Ukraynada Rusiyanın Ukraynanın suverenliyini pozması, xalqının həyatını və ölkənin ərazi bütövlüyünü pozması kimi gördüklərimizin bir hissəsidir, Bunların hamısı eyni şeyin bir hissəsidir. Buna görə də mən düşünürəm ki, Birləşmiş Ştatlar bunu edə bilər və mən hesab edirəm ki, dövlət katibi Blinkenin şəxsi iştirakı onun iki ölkə arasında sülhün yaradılmasına kömək etmək üçün əlindən gələni etmək əzmini nümayiş etdirir. Amma və mən bunu 20 dəfə vurğulamaq istəyirəm ki, sülhlə bağlı yekun qərar ABŞ-ın, Avropa İtifaqının və ya Moskvanın verə biləcəyi qərar deyil, bu, azərbaycanlılar və ermənilərin verməli olduğu qərardır. Bizim edə biləcəyimiz şey bu iki ölkəyə, bu iki ölkənin xalqlarına irəliyə doğru yol tapmaqda kömək etməkdir.

Amerikanın Səsi: Azərbaycan anti-Qərb mövqeyi ilə tanınan Rusiya və İran arasında yerləşən yeganə ölkədir. Rusiyanın Ukraynaya təcavüzü davam edir, Yaxın Şərqdə isə İranın dəstəklədiyi qüvvələrin cəlb olunduğu daha geniş regional münaqişənin mümkünlüyü ilə bağlı narahatlıqlar artmaqdadır. Bu geosiyasi faktorlar nəzərə alınsa, Azərbaycanın strateji əhəmiyyəti nədən ibarətdir?

Robert Sekuta: Böyükdür, olduqca böyükdür. Düşünürəm ki, Zbiqnev Bjezinskinin uzun illər əvvəl Azərbaycan haqqında dedikləri, onun Mərkəzi Asiyada gedən müharibələrin bir növ sirri olduğu deməsindən gedir. Orta Asiya ölkələri, Azərbaycan, Ermənistan və Gürcüstan əslində eyni qruplaşmanın, eyni regionun bir hissəsi hesab edilməlidir. Bürokratik səbəblərə görə həmişə belə olmur, amma hesab edirəm ki, bunu nəzərə almaq və yenidən nəzərdən keçirmək lazımdır. Mən orada olduğum zaman biz Azərbaycanın geosiyasətinə, onunla sərhəddə kiminlə qonşu olduğuna çox böyük diqqət yetirirdik. Mən hesab edirəm ki, son aylarda Azərbaycanla İran, Ermənistanla İran, Rusiya ilə İran, Rusiya ilə Azərbaycan arasında olan münasibətləri də diqqətə almalıyıq.

Bu, dünyanın bir hissəsidir ki, Azərbaycan enerji təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və mən burada mərkəzi asiyalıların dünyanın qalan hissəsinə çıxışı baxımından həmçinin Ermənistan və Gürcüstanın da vacib olduğunu irəli sürmək istəyirəm, çünki biz Orta Dəhlizin inkişafına baxırıq. Burada Azərbaycan mühüm rol oynayıb. Bununla belə, mən həmçinin hesab edirəm ki, Ermənistan da Gürcüstan və Türkiyə kimi Mərkəzi Asiyaya daxil olan və çıxan bu marşrutları genişləndirmək və ya inkişaf etdirməkdə kömək edərək, burada mühüm rol oynaya bilər.

Ona görə də mən hesab edirəm ki, Azərbaycanın strateji əhəmiyyəti böyükdür, amma bundan yararlanmaq, bundan istifadə etmək və irəli getmək üçün daha çox kiçik addımlar atmaq lazımdır. Düşünürəm ki, bunlar Azərbaycanın həm quruda, həm də havada öz nəqliyyat infrastrukturunu və daşımalarını təkmilləşdirmək və Birləşmiş Ştatlarla mahiyyətcə daha güclü, daha dolğun əlaqələr qurmaq üçün birlikdə işləmək üçün atdığı addımlardır.

Amerikanın Səsi: Sizin fikrinizcə, Rusiyanın sülh prosesində rolu nədən ibarət olacaq?

Robert Sekuta: Ümid edirəm ki, konstruktiv. Kremlin nə düşündüyünü bilmirəm. Hazırda bir çox insan bir çox səbəblərdən Kremldə baş verənləri öyrənməyə çalışır. Amma ümid edirəm ki, Rusiya konstruktiv rol oynayacaq. Sözsüz ki, Rusiyanın keçmiş sovet məkanında, keçmiş Rusiya imperiyası məkanındakı ölkələrlə yaxşı münasibətlər qurmaq istədiyinin əlamətləri var. Lakin bu, həmin ölkələrin müstəqilliyinin və suverenliyinin, onların öz iradəsinin olduğunun və bu kontekstdə onlarla işləməyin vacib olmasının tanınmasını tələb edir. Lakin mən ümid edirəm ki, Rusiya regionda konstruktiv rol oynayacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG