Milli Şura beynəlxalq təşkilatları sanksiyaya çağırır

Siyasi fəal Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzasından sonra azadlığa çıxıb (22 yanvar, 2022)

“Beynəlxalq təşkilatları və demokratik dünyanı Əliyev rejiminə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”. Bu ifadə Milli Şuranın Tofiq Yaqublunun həbsi ilə bağlı yaydığı bəyanatda yer alır.

Demokratik Qüvvələrin Milli Şurası Tofiq Yaqubluya qarşı açılan cinayət işini “rejimin qisas aktı” kimi dəyərləndirir.

“Abzas Media, Kanal 13, Turan informasiya agentliyi kimi müstəqil internet resurslarının əməkdaşlarının siyasi sifarişli həbsindən sonra ölkənin ən nüfuzlu siyasətçilərindən biri, Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu saxta, əsassız və absurd ittihamlarla şərlənərək həbsə atıldı. Tofiq Yaqubluya qarşı sənədlərin saxtalaşdırılması və dələduzluq ittihamı ilə cinayət işi açılıb. Azərbaycanın ən parlaq siyasətçilərindən biri olan, bütün həyatını, ailəsini, xoşbəxtliyini demokratiya, qanunun aliliyi, ləyaqətli həyat, azad, ədalətli cəmiyyət quruculuğu kimi yüksək dəyərlərə qurban vermiş, birinci Qarabağ Savaşı qəhrəmanı Tofiq Yaqubluya qarşı başladılan bu əsassız və uydurma cinayət təqibi də daha öncə barəsində açılmış cinayət işləri kimi siyasi motivlidir", bəyanatda deyilir.

Milli Şura bəyanatında qeyd edir ki, azad mediaya divan tutulması cəmiyyətin yüksək rəğbətini qazanmış Qubad İbadoğlu, Tofiq Yaqublu kimi siyasi liderlərin əsassız və gülünc iddialarla həbsə atılması xalqın hiddətinə səbəb olub.

“Bu addımlar eyni dərəcədə irtica rejiminin ölkədə gündən-günə ağırlaşan sosial durum, dərinləşən iqtisadi böhran, eləcə də bütün bölgəni əhatə edən avrointeqrasiya hərəkatı və dünya çapında gözlənilən qlobal dəyişikliklər – demokratiyanın avtoritarizm üzərində qələbəsi fonunda ölkənin siyasi müstəvisini sıfırlamaq, alternativsizlik mühiti yaratmaqla özünü perspektiv geosiyasi və daxili sosial təhlükələrdən sığortalamaq cəhdidir”, Milli Şura qeyd edir.

Milli Şura İlham Əliyev rejimini Azərbaycanı totalitar idarəçilik yoluna sürükləmək cəhdlərindən çəkinməyə çağırır.

“Ailə hakimiyyətini qorumaq naminə yüz illik demokratiya ənənəsi olan dövlətimizi aid olduğu Güney Qafqaz geosiyasi müstəvisindən çıxarıb şərqə doğru itələmək bütün anlamlarda perspektivsiz və ziyanlı işdir. Tofiq Yaqublu, Qubad İbadoğlu, Hafiz Babalı, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər siyasi məhbuslar dərhal azad edilməlidir. Beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycanda tüğyan edən repressiya rejiminin anti-insani əməllərinə biganə qalmamağa, insan hüquqları və azadlıqların düşməninə çevrilmiş Əliyev rejiminə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”, bəyanatda deyilir.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, uzun illərdir ki, hakimiyyət ölkədə insan hüquq və azadlıqları ilə bağlı ciddi pozuntulara yol verir.

Onun sözlərinə görə, konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə bunun əksi olmalıdır.

“Yəni ölkədə insan hüquq və azadlıqları təmin edilməlidir. Təəssüf ki, Azərbaycan hakimiyyəti öz maraqları naminə konustitusiyanın və qoşulduğu beynəlxalq konvesiyaların tələblərinə, həmçinin yerli və beynəlxalq təşkilatların insan haqları ilə bağlı çağırışlara laqeyd yanaşır, insan haqları ilə bağlı problemləri aradan qaldırmır. Bu da ölkədə insan haqları ilə bağlı problemləri dərinləşdirir. Belə olan halda cəmiyyətdə daha sərt tədbirlər - məsələn, sanksiyalar barədə çağırışlar səsləndirilir. Belə çağırışlar əvvəllər də olub. Son zamanlar hakimiyyət siyasi motivli həbsləri artırıb. Və bu həbslərin dayandırılması ilə bağlı yerli və beynəlxalq çağırışlara, bəyanatlara yenə də laqeyd yanaşılır. Belə olan halda sanksiya çağırışları meydana gəlir“.

O,hesab edir ki, hakimiyyət sanksiyalarla bağlı çağırışdan narahatdırsa, siyasi motivli həbsləri dayandırmalı, ölkədə insan hüquq və azadlıqları təmin etməlidir.

“Əks halda bir gün ölkəmiz sanksiyalara məruz qala bilər. Əgər gələcəkdə Azərbaycana qarşı hər hansı bir sərt addımlar atılacaqsa, bunun günahı vəziyyəti bu hala gətirib çıxaran və insan haqlarını pozan Azərbaycan hakimiyyətinin üzərində qalacaq", hüquq müdafiəçisi deyib.

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla iki yüzdən çox insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.